Xələf Xələfov: “Xəzərin hüquqi statusu ilə bağlı əsas prinsipial istiqamətlər üzrə ümumi razılıq əldə olunub”
18 illik danışıqlardan sonra Xəzər dənizinin hüquqi statusu ilə bağlı əsas prinsipial istiqamətlər üzrə ümumi razılıq əldə olunub. Bu sözləri Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Həştərxanda keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının 4-cü sammiti ilə bağlı keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, Xəzər dənizinin dibinin bölünməsi ilə bağlı ümumi yanaşma və su akvatoriyası ilə bağlı əsas bölgü prinsipləri razılaşdırılıb.
"Qeyd etdiyim birgə bəyanatda prinsiplərdən biri kimi Xəzərin su akvatoriyası sahil xətlərindən 15 millik endə suverenlik zonası kimi, bundan əlavə 10 mil müstəsna balıqçılıq zonası müəyyən olunur. Digər ərazi isə ümumi dəniz məkanı kimi istifadədə qalır".
Görüşdə xüsusilə Xəzər dənizinin yalnız sülh məqsədlər üçün istifadə edilməsi məsələsinə toxunulub.
“Hərbi fəaliyyət məsələsi daim aktual məsələ kimi müzakirə olunur. Sabit silah balansının təmin olunması vacib bir məsələdir. Həm Azərbaycan, həm də digər Xəzəryanı ölkələr Xəzər dənizinin silahlanmasının tərəfdarı deyillər. Bu başlıca fundamental yanaşmadır. Hərbi quruculuq tədbirləri həyata keçirilərkən tərəflərin təhlükəsizlik maraqları nəzərə alınmalıdır. Silahların Xəzər dənizində yerləşdirilməsi ağlabatan yetərlik həddində olmalıdır. Hərbi fəaliyyət sahəsində razılaşdırılmış etimad tədbirləri əsas götürülməlidir”.
Yekun bəyanatda Xəzər dənizinin bölünməsi məsələsi prinsip kimi öz əksini tapıb.
“Azərbaycan, Rusiya, Qazaxıstan arasında bu məsələ həllini tapıb. Türkmənistan və İranla bu proses davam edir, geriyə dönməyən prosesdir. Bu proses başa çatdırılmalıdır. Ümumi prinsip ondan ibarətdir ki, Xəzər dənizinin dibi orta xətt prinsipi əsasında Xəzəryanı dövlətlər arasında bölünür”.
Sənəddə prinsiplər siyasi bəyanat formasında öz əksini tapıb və norma şəklində ekspertlər tərəfindən konvensiya layihəsinə daxil ediləcək.
Konvensiya layihəsinin müzakirəsi və yekun qəbulunun isə 2 il sonra Astanada keçiriləcək dövlət başçılarının görüşündə həyata keçirilməsi düşünülür.
Zirvə görüşündə həmçinin Xəzər dənizinin su və bioloji resurslarının mühafizəsi, fövqəladə halların qarşısının alınması və Xəzər dənizinin hidrometrologiyası barədə sazişlər imzalanıb.