“Barselona” məğlub oldu, “Şaxtyor” qələbəni son anda əldən buraxdı
UEFA Çempionlar Liqasının qrup mərhələsində ikinci turun oyunları keçirilib. APA TV-nin xəbərinə görə, Fransanın PSJ klubu İspaniyanın "Barselona" komandasını 3:2 hesabı ilə məğlub edib. Oyunda əvvəlcə meydan sahibləri fərqləniblər. Blez Matyuidi hesabı açıb. Bundan iki dəqiqə sonra "Barselona" Messinin qolu ilə hesabı bərabərləşdirib. 26-cı dəqiqədə Marko Veratti PSJ-ni yenidən hesabda irəli çıxarıb. 54-cü dəqiqədə isə David Luis hesabı 3:1-ə çatdırıb. "Barselona"nı Neymarın 56-cı dəqiqədə vurduğu qol da məğlubiyyətdən xilas edə bilməyib - 3:2.
Donetsk "Şaxtyor"u "Portu" ilə oyunda qələbəni son anda əldən verib. "Şaxtyor" hesabı birinci hissədə açıb, 85-ci dəqiqədə isə üstünlüyünü iki topa çatdırıb. Amma son 5 dəqiqə Ukrayna klubu üçün əsl kabusa çevrilib. 89-cu dəqiqədə "Portu" penaltidən vurulan qolla hesab arasındakı fərqi azaldıb, əsas vaxta əlavə edilmiş dəqiqələrdə isə Cekson Martines özünün və komandasının ikinci qolunu vurub - 2:2.
Gecənin maraqlı oyunlarından biri də İngiltərədə keçirilib. Mançester şəhərində son ölkə çempionu “Mançester Siti” “Roma”nı qonaq edib. Qrup mərhələsinin ilk turunda evdə Moskva ÇSKA-sını 5:1 hesabı ilə darmadağın edən “canavarlar” növbəti dəfə 3 xal qazanmağa çalışıb. “Şəhərlilər” isə ilk turda Münhen səfərindəki “Bavariya” məğlubiyyətini unutmaq niyyətindədə idilər. Lakin hərəyə bir dəfə fərqlənən komandalar meydandan sülhlə ayrılıblar.
Günün ən erkən oyunu Moskvada keçirilib. Almaniyanın "Bavariya" klubu ÇSKA ilə qarşılaşıb. Xosep Qvardiolanın yetirmələri "D" qrupunda 2-ci qalibiyyətini qazanıb. 22-ci dəqiqədə Tomas Müllerin yeganə qolu münhenlilərə 3 xal qazandırıb.
"Şalke" ev oyununda Sloveniyanın "Maribor" klubunu məğlub edə bilməyib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Qarşılaşmada hesabı qonaqlar Damyan Boharın qolu ulə açıblar. "Şalke" cavab qolunu ikinci hissədə vurub. Klas-Yan Huntelar fərqlənib.
"Çelsi" "Sportinq" üzərində minimal hesablı qələbə qazanıb. Lissabondakı qarşılaşma "Çelsi"nin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Kiprin APOEL komandası isə "Ayaks"la heç-heçə oynayıb. Oyunda hesabı meydan sahibləri penaltidən açıblar. "Ayaks"dan bərabərlik qolunu Lukas Andersen vurub.
Belarusun BATE klubu ev oyununda Bilbao "Atletiko"sunu məğlub edib. Borisovdakı qarşılaşma 2:1 hesabı ilə başa çatıb. Meydan sahiblərinin qollarını Denis Polyakov və Aleksandr Karnitski vurub. Qonaqlardan isə Aris Aduris bu qollardan yalnız birinin əvəzini çıxa bilib.
Qeyd edək ki, BATE ilk turda səfərdə "Portu" qarşısında darmadağın olmuşdu - 0:6.