Bakıda müəmmalı qətl: 61 yaşlı kişi ürəyindən bıçaqlanıb

Bakının Sabunçu rayonunda, Ramana qəsəbəsində müəmmalı bıçaqlanma hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə Ramananın "8-ci mədən" adlanan ərazisindəki 63 saylı evdə qeydə alınıb. Ev sahibi, 61 yaşlı Əliyusif Nərimanov evində bıçaqlanıb. Təcili tibbi yardım briqadası onu ürəyinə bıçaq sancılmış vəziyyətdə xəstəxanaya gətirib.

 

3 saylı şəhər kliniki xəstəxanasından APA TV-yə verilən məlumata görə, 61 yaşlı kişi təcili əməliyyat olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

 

O ki qaldı hadisədəki müəmmaya, Əliyusif Nərimanovun yaxınları polisə onun özünə qəsd etdiyini bildiriblər. Onlar izahatlarında yazıblar ki, evdə ailədaxili münaqişə baş verib. Münaqişə zamanı əsəblərini cilovlaya bilməyən 61 yaşlı Əliyusif Nərimanov bıçağı öz ürəyinə sancıb. Faktla əlaqədar Sabunçu rayon prokurorluğunda ilkin olaraq Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Lakin istintaqçılar qətl versiyasını da nəzərdən keçirirlər. Araşdırmalar davam edir.

Müəllif | Apa.Tv
Apa.tv