Zakir Qaralov: "Goranboydakı dəhşətli hadisə ailə münaqişəsi zəminində törədilib"
Baş prokuror Zakir Qaralov Goranboy rayonunda 7 nəfərin öldürülməsi faktına münasibət bildirib. APA TV-nin xəbərinə görə, baş prokuror kütləvi qətli törədən şəxsin hadisədən bir necə sata sonra tutulduğunu deyib: “Ötən gün Goranboy rayonunda belə faciəvi hadisə baş verib. Bu barədə müavinim mənə gecə məlumat verdi. Baş Prokurorluğun məsul əməkdaşları hadisə yerinə ezam olunub. Cinayət hadisəsi ailə zəminində törədilib. Hadisəni törədən şəxs tutulub və istintaq operativ şəkildə həyata keçirilir”.
Daxili İşlər Nazirliyi (DİN) Goranboyda törədilən kütləvi qətllə bağlı məlumat yayıb.Məlumata görə, oktyabrın 1-də saat 05 radələrində Goranboy rayonunun Səfikürd kəndində rayon sakini Diləzbər Məmmədovanın yaşadığı evə gələn kürəkəni Rafiq Hüseynov ailə-məişət münaqişəsi zəminində ov tüfəngindən və əl qumbarasından istifadə edərək arvadı Südabəni, qaynı Namiqi, qohumları Ofelya Məmmədovanı, Həvayət Məmmədovanı, Fərqanə Məmmədovanı və azyaşlı İsa Məmmədovu, habelə Diləzbəri qətlə yetirib.
R.Hüseynov könüllü olaraq Goranboy Rayon Polis Şöbəsinə gəlib və hadisəni törədərkən istifadə etdiyi ov tüfəngini təhvil verib.