Baş pediatr: "Peyvənd çox vacibdir"

"Müasir tibbdə epidemiyalara qarşı ən qabaqcıl tədbirlərdən biri peyvənddir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da uşaqlara müəyyən yaş həddinə qədər bir neçə peyvənd vurulur. Amma bəziləri bunun əleyhinə çıxır. Halbuki peyvənd çox vacibdir”.

 

Bunu APA TV-yə Azərbaycanın baş pediatrı, Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev deyib: "Peyvəndlə bağlı cəmiyyətdə yayılan söhbətlərin 99% şayiələrdən ibarətdir. Mən valideynəmsə, övladımın yolxucu xəstəliyə tutulmasını istəmirəmsə onda bu addımı atmalıyam".

 

Peyvəndlərin tərkibinə gəldikdə isə, professor bu məqamlara belə aydınlıq gətirib:"Dünya praktikasında peyvənd iki cür aparılır. Planlı və təcili peyvəndlər. Təcili peyvənlər adətən kütləvi xarakter daşıyır. Azərbaycanda peyvənd təqvimi planı var. Bu təqvim hər bir uşağın yaşı ilə bağlıdır. Ona görədə peyvəndlər fəsillərin dəyişməsi ilə bağlı deyil. Valideynlərin bundan yayınmasının heç bir əsası yoxdur". 

 

Nəsib Quliyev bildirib ki, peyvənd gələcəyimiz olan körpələrin təhlükəsizliyini təmin etmək üçün vacibdir.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı