Baş prokuror: "Leyla Yunusa təzyiq edilməsi barədə xəbərlər uydurmadır"

“Bu il 200-dən artıq vəzifəli şəxs məhkəmə məsuliyyətinə cəlb edilib”.

 

APA TV -nın məlumatına görə, baş prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında bildirib ki, ağır cinayətlərin tam əksəriyyətinin açılması təmin edilib: “Cari ilin oktyabrın 1-nə qədər 139 cinayət işinin istintaqını yekunlaşdırıb məhkəmələrə göndərmişik və 200-dən artıq vəzifəli şəxs məhkəmə məsuliyyətinə verilib.  Bu gün Korrupsiya Qarşı Baş Mübarizə idarəsində 125 cinayət işinin istintaqı davam etdirilir”.

 

“NİDA”çıların prezident İlham Əliyevə müraciətinə münasibət bildirən baş prokuror bunun təqdirəlayiq olduğunu deyib, onların əfvinin prezidentin səlahiyyətində olduğunu bildirib: “Gec-tez gənclərimiz də başa düşürlər ki, səhv yolda olublar və sözsüz, bununla bağlı müəyyən qərar qəbul olunacaq”.

 

Hüquq müdafiəcisi Leyla Yunusun istintaqından danışan baş prokuror bildirib ki, istintaqın ilk günündən Leyla Yunusun öz istədiyi ilə vəkil təyin olunub. Təqsirləndirilən şəxs istədiyi vaxt onunla görüşür: "Bu günlərdə mətbuatda Leyla Yunusa təzyiq edilməsi barədə məlumatlar yayılıb. Bu, uydurmadır. Dərhal ekspertiza keçirilib və həmin məlumat təsdiqini tapmayıb. Onun cinayət işi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək” .  

 

Baş prokuror Zakir Qaralov Nərimanov rayon prokurorunun, prokuror müavininin və köməkçisinin cinayət məsuliyyətinə cəlb edilməsinə də  münasibət bildirib.  O deyib ki, həmin işlə bağlı bir cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyev, digər cinayət işi isə həmin şəxslər barəsindədir. Hər iki cinayət işi barəsində cinayət məsuliyyəti aparılan istintaqın nəticəsindən məlum olacaq . 

 

Qeyd edək ki, oktaybrın 1-i prokurorluq orqanları əməkdaşlarının peşə bayramı günüdür. Bu münasibətlə baş prokuror Zakir Qaralov və prokurorluq orqanlarının əməkdaşları Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.

Müəllif | Apa.Tv