Bakıda bal sərgi-yarmarkası açıldı

Bu gündən etibarən Bakıda arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası başlayıb. APA TV-nin xəbərinə görə, bir ay davam edəcək satış yarmarkasında ölkənin əksər regionlarından gətirilən müxtəlif növ bal tapmaq mümkündür. Satış mərkəzində daha çox cənub və şimal qərb bölgəsinin arıçıları iştirak edir. "Yarmarkada Naxçıvan Muxtar Respublikasının və respublikanın 40 rayonundan 438 arıçı iştirak edir. Yarmarkada 190 ton bal, 500 kq çiçək tozu satışa çıxarılıb".

 

Yarmarkada 200 kq güləm, 5 kq arı südü və 150 kq vərəmum satışa çıxarılıb.

 

Güləm əllə yığılır. Güləm bir il ərzində şanda yığılıb qalan çiçək tozudur. Onun tərkibi bal və bir sıra arı məhsullarının qarışığından ibarətdir. 1kq bala 200 qr güləm qatıb qarışdırmaq lazımdır. Ondan sonra ondan dərman kimi mədə-bağırsaq, yaddaş, əsəb və sairə xəstəliklərin müalicəsi zamanı istifadə edilir. Yarım kilosu təxminən 30 manata satılır.

 

Satışın ilk günü olduğundan hələ ki, satıçılar ən çox  5-7 kq bal sata biliblər.

 

Arıçılıq sahəsində beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədilə Qırğızıstanda istehsal edilmiş arıçılıq məhsullarının da yarmarkada satışına şərait yaradılıb.

Yarmarkada alıcılar "ağ bal" deyilən yeni bir bal növünə də rast gələcəklər. Bu bal Qırğızıstandan gətirilib.

"Ağ bal" Tyan-Şan dağlarında Adbaşı adlanan bir rayonda bitən Cidda çiçəyindən  istehsal olunur. Bu balın kilosu 35 manata satılır. 

Yarmarkada qiymətlərə gəlincə,  ötən illərlə müqayisədə bu il qiymətlər sərbəstdir. Əraziyə və balın tərkibinə görə, qiymətlər təyin edilib.

 

Kənd təsərrüfatı naziri Heydər Əsədov deyib ki, Baytarlıq Xidməti səviyyəsində məxfi kodlarla yoxlanıldıqdan sonra həmin məhsulların satışa icazə verilir. Bu il normal məhsul satışda bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq  satılmalıdır: "Bu il tənzimlənən qiymət müəyyən etməmişik. Məhsulun keyfiyyətindən və alıcılarla satıcılar arasında aparılan danışıqdan asılıdır".  

 

Quraşdırılan kameralar vasitəsilə yarmarka sutka ərzində onlayn rejimdə nazirlik tərəfindən izlənilir.

Müəllif | Apa.Tv