Azərbaycan prezidenti BMT-nin İnkişaf Proqramının rəhbərini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev BMT-nin İnkişaf Proqramının rəhbəri Helen Elizabet Klarkın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət başçısı ölkəmizin BMT-nin İnkişaf Proqramı çərçivəsində əməkdaşlığının uğurla inkişaf etdiyini vurğulayıb.


Bakı Beynəlxalq Humanitar Forumuna dəvətə görə minnətdarlığını ifadə edən Helen Klark tədbirin gündəliyinin geniş sahələri əhatə etməsinin əhəmiyyətini vurğulayıb. O, təmsil etdiyi qurumun Azərbaycan ilə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu deyib. 

 

İlham Əliyev həmçinin İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrini qəbul edib. Görüşdə Azərbaycan ilə İSESCO arasında uzun illər davam edən səmərəli əməkdaşlığın uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub, əlaqələrimizin bundan sonra daha da inkişaf etdiriləcəyinə əminlik bildirilib.

 

Dövlət başçısı İtaliyanın keçmiş Baş naziri, Tədqiqat və Qanunvericilik Agentliyinin baş katibi Enriko Lettanı qəbul edib.
 

Prezidenti İlham Əliyevin İtaliyaya uğurlu səfərini maraqla izlədiyini deyən Enriko Letta ölkəmizin İtaliyada həyata keçirdiyi humanitar layihələrin əhəmiyyətini vurğulayıb.
 

Prezident İlham Əliyev İtaliyaya səfərini və keçirdiyi görüşləri məmnunluqla xatırladaraq səfər zamanı ölkələrimiz arasında qəbul olunan strateji tərəfdaşlıq haqqında birgə Bəyannamənin önəmini vurğulayıb.
 

İlham Əliyev Estoniyanın keçmiş prezidenti Arnold Rüüteli də qəbul edib.
Dövlət başçısı Bakıda keçiriləcək Beynəlxalq Humanitar Forumun yaxşı ənənə halı aldığını və tədbirə marağın ildən-ilə artdığını qeyd edib. Prezident İlham Əliyev bu il Forumda dünyanın 60 ölkəsindən dövlət xadimlərindən və alimlərdən ibarət çoxlu nümayəndə heyətinin iştirak edəcəyini vurğulayaraq Bakı Humanitar Forumunun artıq mühüm beynəlxalq hadisəyə çevrildiyini deyib. Keçmiş  estoniyalı prezident Arnold Rüütel tədbirin dünyanın müxtəlif ölkələrinin və xalqlarının geniş dairəsini əhatə etməsinin önəmini vurğulayıb. 

Müəllif | Apa.Tv
Apa.tv