SEBA və Koreya Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Seul-Bakı (SEBA) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası ilə Koreya Fondu arasında Mədəni Əməkdaşlıq üzrə Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib. APA TV-nin xəbərinə görə, mərasimdə çıxış edən SEBA-nın prezidenti Ruhəngiz Heydərova Azərbaycan Koreya əlaqələrinin günü-gündən inkişaf etdiyini bildirib. Ruhəngiz Heydərova Koreya və Azərbaycan arasında əlaqələrin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu xatırladıb. O, 2004-cü ildən qeyri-hökumət təşkilatı kimi fəaliyyətə başlayan SEBA-nın Azərbaycan və Koreya arasında mədəni əlaqələrin inkişafında yaxından iştirak etdiyini deyib. Qeyd olunub ki, assosiasiya tərəfindən keçirilmiş mədəniyyət və kino günləri, sərgi, konsert, elmi simpoziumlar, aztəminatlı, məcburi köçkün və qaçqın ailələri üçün ictimai tibbi xidmətin təşkili, arxeoloji qazıntıların aparılması, eləcə də Şərq Təbabət Klinikasının açılışı bunun bariz nümunəsidir: "İnanıram ki, Koreya Fondu ilə bu anlaşma iki dövlət arasında əlaqələrin daha güclənməsinə, möhkəmlənməsinə, xalqlar arasında dostluq əlaqələrin daha da sıx münasibət yaradılmasının əsasını qoyaraq, daha da mükəmməl şəkildə işlər görülməsinə yardımçı olacağıq".

R. Heydərova deyib ki, SEBA-nın fəaliyyətini müxtəlif dövrlərdə həm Koreyanın Bakıdakı səfirliyi, həm də Azərbaycanın Seuldakı səfirliyi dəstəkləyib. O, bu memorandumun iki ölkə arasında münasibətlərin inkişafında mühüm rol oynayacağına inandığını söyləyib.


Koreya Fondunun prezidenti dr. Yu Hyun-Seok isə Azərbaycan və Koreya əhalisinin bir-birini daha dərindən anlaması üçün ikitərəfli mədəni əlaqələri təkmilləşdirmək və gücləndirməyin vaxtının çatdığını vurğulayıb. Onun sözlərinə görə, SEBA və Koreya Fondu arasındakı sıx əməkdaşlıq iki ölkənin insanlarını və mədəniyyətini birləşdirmək üçü mühüm körpü rolunu oynayacaq.

Daha sonra SEBA və Koreya Fondu arasında Memorandum imzalanıb.

 

Mərasimdən sonra qonaqlar Şərq Təbabət Klinikası ilə tanış olublar. Koreyalı həkimlər tərəfindən qonaqlara klinika barədə məlumat verilib.

 

Müəllif | Apa.Tv