Gəncədə Beynəlxalq Şərab Festivalı başlayıb
Gəncədə III Gəncə Beynəlxalq Şərab Festivalı başlayıb. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə festivalda dünyanın 10-dan artıq ölkəsindən 50-dən artıq nümayəndə iştirak edir. Azərbaycan Xarici İşlər, İqtisadiyyat və Sənaye, Kənd Təsərrüfatı nazirlikləri, Azərbaycan İxracatın və İnvestisiyanın Təşviqi Fondu, Azərbaycanın Fransadakı səfirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkil etdikləri festival iki gün davam edəcək. Tədbirə Azərbaycan, Fransa, Almaniyan, İtaliya, Rusiya, Moldova, Gürcüstan və bir sıra digər xarici ölkələrin şərab istehsalçıları qatılıblar.
Dünya şərabçılarının bu mötəbər məclisinin əsas məqsədi şərab istehlakı mədəniyyətini formalaşdırmaq, şərab ənənələrini qoruyub saxlamaq və təbliğ etməkdir.
Festivalın ilk günü yerli şərabçıların beynəlxalq standartlara uyğun dequstasiya müsabiqəsi keçirilib. Azərbaycan şərabçılarının məhsulları İtaliya, Rusiya, Moldova, Gürcüstan, Fransa və yerli mütəxəssis tərəfindən yüksək qiymətləndirilib.