Bakıda ata və oğlunu güllələyən şəxs danışdı: "Özümü qoruyurdum" - YENİLƏNİB

Ötən gün Bakıda silahlı insident baş verib. Hadisə Binəqədi rayonunda Dərnəgül şösesində qeydə alınıb. Yaralılardan iki nəfər - 1958-ci il təvəllüdlü Rövşən Savalan oğlu Əliyev və 1998-ci il təvəllüdlü Ayxan Savalanlı 1 saylı şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Xəsarət alanlar ata-oğuldur. Xəstəxandan APA TV-yə verilən məlumata görə, güllə yarası alan şəxslərin vəziyyəti orta-ağırdır. Onlar hazırda reanimsiya şöbəsində müalicə olunur.

 

Hadisənin münaqişə zəminində baş verdiyi bildirilir.

 

Binəqədi Rayon Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, hadisə Dərnəgül qəsəbəsində, məcburi köçkünlərin məskunlaşdığı yataqxanada qeydə alınıb. Ağdam rayonundan məcburi köçkün düşən 1973-cü il təvəllüdlü Hicran İbrahim oğlu Səfərov aralarında yaranan münaqişə zəminində özünə məxsus ov tüfəngi ilə həmyerlisi Rövşən Savalan oğlu Əliyevə və onun oğlu Ayxan Savalanlıya ov tüfəngindən atəş açıb. O, silahı 2 ay əvvəl ovçu ləvazimatları satılan mağazadan alıb. Hadisəni törədən Hicran  Səfərov saxlanılıb: "Özümü qoruyurdum. Əlində boru vardı, mən də onun əmisi oğluyla söhbət edirdim. Qalxdi ki, məni vursun. Başımı əyməsəydim, dəyəcəkdi. Niyə, neynəmişəm ona? Ata-bala ikisini də vurdum".  

 

Faktla bağlı araşdırma davam edir.

Müəllif | Apa.Tv