Kəlbəcərdə öldürülən Həsən Həsənovun meyiti geri alınıb

Kəlbəcərdə ermənilər tərəfindən öldürülən Həsən Həsənovun meyiti Azərbaycana qaytarılıb.

 

APA TV-nin Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının saytına istinadən verdiyi məlumata görə, Komissiyanın aidiyyəti beynəlxalq təşkilatlarla apardığı səmərəli danışıqlar nəticəsində, Azərbaycanın Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmiş Kəlbəcər rayonu ərazisində işğalçı ordunun hərbçilərininn 11 iyul 2014-cü il tarixdə qətlə yetirdiyi Azərbaycan vətəndaşı, 1978-ci il təvəllüdlü Həsənov Həsən Fərman oğlunun nəşi 2 oktyabr 2014-cü il tarixdə qarşı tərəfdən alınıb.

 

İnsidentsiz başa çatan proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.

 

Xatırladaq ki, Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək, öldürülüb.

Müəllif | Apa.Tv
Apa.tv