Bakıda toydan çıxan tanışlar dalaşıb, bir nəfər bıçaqlanıb

Paytaxtın Nizami rayonunun ərazisində, Qara Qarayev metrostansiyasının  yaxınlığında bıçaqlanma hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, Bakı sakini, 26 yaşlı Rəhim Nəbiyev aralarında yaranmış mübahisə zəminində iş yoldaşı Ənvər Qəniyevi bıçaqlayıb.

Yaralı dərhal 3 saylı şəhər xəstəxanasına çatdırılıb. Dərhal əməliyyata götürülən Ənvər Qəniyevin həyatını həkimlər xilas edə biliblər. Cinayəti törətməkdə şübhəli bilinən Rəhim Nəbiyev isə RPİ-nin 25-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Törətdiyi cinayət əməlini etiraf edən saxlanılan şəxs hadisənin səbəbi barədə danışıb. Hadisə baş verən gün Rəhim Nəbiyev iş yoldaşının oğlunun kiçik toy mərasimində iştirak etmək üçün qonaqlığa gedib. Toyda Rəhimlə Ənvər Qəniyevin sözləri düz gəlməyib. Şadlıq evində sərxoş olan iş yoldaşları mübahisəni sakitliklə yoluna qoyublar. Toydan çıxanda isə Rəhim Nəbiyev taksiyə minərək evinə getmək istəyib. Bu zaman Ənvər Qəniyevin Rəhimdən onu da aparmasını xahiş edib. Qara Qarayev metrostansiyasının yaxınlığında Ənvər taksidən düşəndə tanışlar arasında mübahisə yenidən başlayıb: "Maşından düşdü, mən tərəfə gəldi. Məni çağırdı yanına, əsəbləşdim. Söyə-söyə danışırdı. Mən də vurdum, arxaya çəkildi. Yaxınlaşdım ki, kömək edim. Kömək etmək istəyirdim. Bilmədən vurdum. Dedi, lazım deyil".

Bıçaqladığı iş yoldaşını küçədə qoyub gedən Rəhim Nəbiyevə digər iş yoldaşı zəng edib ki, Ənvər Qəniyevi bıçaqlayıb və o, xəstəxanadadır: "İstəməzdim belə olsun. Düşmənçiliyimiz yox idi. Qardaş kimi idik. Bir yerdə işləyirdik. Çox peşmanam".

 

Faktla bağlı cinayət işi başlanıb.

Müəllif | Apa.Tv
Apa.tv