Azərbaycan prezidenti IV Bakı Beynəlxalq Forumunda çıxış edib
“Dünyada baş verən bəzi hadisələr belə forumların keçirilməsini zəruri edir”. Bunu IV Bakı Beynəlxalq Forumunda çıxışında Azərbaycan prezidenti İlham Əliyev deyib. O bildirib ki, dünyada humanitar təhlilin aparılması üçün belə foruma çox ehtiyac var: "Dövlətin gücünü həm də cəmiyyətdə mövcud olan ab-hava, həmrəylik duyğuları müəyyən edir. Bu baxımdan Azərbaycanın təcrübəsi çox müsbətdir. Biz bununla dünyaya müsbət töhfə veririk. Azərbaycanda əsrlər boyu multimədəniyyətli cəmiyyətlər mövcud olub, xalqlar arasında dostluq və həmrəylik bunun nümunəsidir. Azərbaycanın bir sıra təşəbbüsləri dünyada öz əksini tapıb".
Dövlət başçısı Azərbaycana qarşı işğalçılıq siyasəti aparıldığını, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərinin Ermənistan tərəfindən zəbt edildiyini, etnik təmizləmə siyasəti aparıldığını, Xocalı soyqırımı törədildiyini və yüzlərlə insanın qətlə yetirildiyini xatırladıb.
Prezident İlham Əliyev bütün bunlara baxmayaraq, Azərbaycanın dayanıqlı inkişaf etdiyini vurğulayıb. Onun sözlərinə görə, humanitar sahə hökumətin prioritet sahələrindən biridir: "Mutlimədəniyyətli cəmiyyət, xalqlar arasında dostluq və qardaşlıq dövləti gücləndirir. Bu həm dövlət siyasətidir, həm də cəmiyyətin sifarişidir. Bu istiqamətdə hesab edirəm ki, biz uğurla inkişaf edəcəyik. Bu sahədə əldə edilmiş təcrübə başqa ölkələr üçün də maraqlı ola bilər".
İqtisadi və sosial sahədə əldə edilən uğurlardan danışan İ. Əliyev yoxsulluqla mübarizənin başa çatmaqda olduğunu, yaxın illərdə yoxsulluğun bir amil kimi aradan götürüləcəyini vurğulayıb. Prezident bəzi dövlətlərdə neft gəlirlərindən düzgün istifadə edilmədiyini deyib. Onun sözlərinə görə, Azərbaycan isə neft gəlirlərini insan kapitalına çevirməyə nail olub. Azərbaycan bu gün kosmik sənaye ölkələrindən birinə çevrilib.
Prezident İlham Əliyev müsəlman aləmində gedən proseslərin Azərbaycanı çox narahat etdiyini vurğulayıb. Onun sözlərinə görə, bu qanlı toqquşmalar ölkələri məhv edir. Onun fikrincə, eyni zamanda Avropada miqrantlara qarşı münasibətin pisləşməsi, ayrı-seçkiliyə tərəfdar olan qüvvələrin daha böyük səs toplaması hamını narahat etməlidir.
Daha sonra tədbirdə iştirak edən Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Rusiya prezidenti Vladimir Putinin təbrik məktubu oxunub. Təbrik məktubunda qeyd edilib ki, Forum bir neçə il ərzində mötəbər tədbirlərdən birinə çevrilib: “Bakı Beynəlxalq Forumu humanitar sahədə müzakirələrin aparılması üçün ən yaxşı platformalardan birinə çevrilib. Əminəm ki, forumda gələcək üçün olduqca faydalı müzakirələr aparılacaq, tövsiyələr səsləndiriləcək. Tədbirdə çoxsaylı nümayəndə heyətlərinin iştirakı buna şərait yaradır”.
Tədbirdə həmçinin BMT-nin İnkişaf Proqramının rəhbəri Helen Klark, İSESCO-nun direktoru Əbdüləziz bin Osman əl-Tuveycri çıxış ediblər. YUNESKO-nin baş katibi İrina Bokovanın forum iştirakçılarına videomüraciəti dinlənilib.
Forum panel iclasları ilə 2 gün davam edəcək.