IV Bakı Beynəlxalq Humanitar Forumun iştirakçıları tədbir barədə nə düşünür? - SORĞU

"Mən ümid edirəm ki, Azərbaycanda aparılan bu müzakirələrin gələcək üçün çox böyük nəticələri olacaq". APA TV-nin məlumatına görə, bu sözləri 4-cü Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən Misirin keçmiş sənaye naziri İbrahim Favzi deyib. O dünyanın bir çox ölkələrindən siyasətçi və keçmiş prezidentlərin bu tədbirdə iştirakından məmnun olduğunu bildirib:

“Çox vacib tədbirdir. Çünki burada bütün ölkələrin üzləşdiyi qlobal problemlər müzakirə olunur. İnsanlıq naminə çox böyük addımdır. Humanitar aspekt 10 illiklər öncə imtina edilirdi. Lakin bu yanaşma ölkələrin stabilliyi və inkişafını təhdid altında qoyurdu”.

Dağlıq Qarabağ münaqişəsini “həlli vacib işğal məsələsi” adlandıran sabiq misirli nazir bu münaqişənin BMT Baş Assambleyasının qətnamələrinə müvafiq olaraq danışıqlar yolu ilə həllinə ümid etdiyini bildirib.

Amerikanın Hartford Universitetinin rəhbəri Hamfrey Tonkin də Bakıda olmaqdan çox məmnun olduğunu deyib:

“Bakı çox gözəl şəhərdir. Həmişə yenilənir. Yeni binalar tikilir. Lakin burada elə bir qədim yer var ki, ora çox gözəl qorunur. Mən ümid edirəm ki, o yer qorunmaqda davam edəcək. Çünki bu yer şəhərin çox gözəl bir hissəsidir".

O dünyanın 60-dan çox ölkəsindən dövlət xadimlərinin toplaşdığı tədbirdə iştirakdan da məmnun olduğunu qeyd edib. Universitet rəhbərinin fikrincə, bu tədbir fundamental məsələlərin müzakirəsi üçün çox böyük imkandır.

Tədbirdə iştirak edən Yaponiya-Azərbaycan Dostluq Assosiasiyasının rəhbəri Ken Matsuzava Azərbaycanın modern ölkə olduğunu deyib və azərbaycanlıları intellektual xalq adlandırıb:

"Mən Yaponiyaya qayıdanda nələrdən danışdığımızı və nə qərara gəldiyimizi danışacağam. Bu qərarları neçə yerinə yetirə bilərik, artıq bu barədə müzakirələr aparacağıq".

Müəllif | Apa.Tv
Apa.tv