Bakıda ər-arvad oğurluq üstündə tutulub
Bakıda qohumlardan ibarət dəstə saxlanılıb. Oğurluqla məşğul olan dəstənin başçısı hətta həyat yoldaşını da öz əməllərinə cəlb edib.
Binəqədi Rayon Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, Dəvriş Mrazik Xasanbəy oğlu özgənin əmlakını gizli yolla talamaq məqsədilə arvadı Bəkirova Cəmilə İsrafil qızı, dayısı qızı Nadirova Pərvanə Çingiz qızı və qohumu Bəkirov Kamran Teymur oğlu ilə əlbir olub qrup təşkil edərək sentyabrın 28-də Kamran Bəkirovun idarə etdiyi avtomobillə "Azadlıq" prospektində yerləşən mağazalardan birinin qarşısına gəlib. Kamran Bəkirov avtomobildə gözləyib. Dəvriş Mrazik, Cəmilə Bəkirova və Pərvanə Nadirova elektron malların satıldığı mağazaya daxil olublar. Dəstənin başçısı satıcı Əzizov Eldəniz Vaqif oğlunu mobil telefon aparatı satıb-satmadıqlarını soruşmaq bəhanəsi ilə söhbətə tutub, Pərvanə Nadirova 299 manat dəyərində noutbuk, Cəmilə Bəkirova isə 149 manatlıq DVD player, 79 manat dəyərində "Vsyoznayka" aparatı, 69 manatlı "WI-FI anten" aparatı və hər birinin dəyəri 9 manat 60 qəpik olmaqla iki ədəd mobil telefon kaburasını oğurlayaraq, mağazadan çıxıblar. Ümumilikdə. mağazaya 615 manat ziyan vurulub.
Dəvriş Mrazik, Cəmilə Bəkirova, Pərvanə Nadirova və Kamran Bəkirov şübhəli şəxs qismində tutulublar. İbtidai istintaq davam edir.