Türkiyə parlamenti ordunun Suriyada döyüşlərə qatılmasına icazə verib

Türkiyə parlamenti ölkə hüdudlarından kənarda Silahlı Qüvvələrdən istifadə etməyə icazə verib. Hökumət Suriyada və İraqda vəziyyətin gərginləşməsi, “İraq Şam İslam Dövləti” terror qruplaşmasının Suriyadakı qüvvələrinin ölkə üçün yaratdığı təhlükə ilə bağlı ordunun sərhədyanı əməliyyatlara cəlb olunmasına dair parlamentə sorğu  göndərmişdi.

 

APA TV-nin xəbərinə görə, mandat bir il müddətində qüvvədə olacaq.

 

Səsvermədə, ümumilikdə 396 deputat iştirak edib, onlardan 298-i lehinə, 98-i isə əleyhinə səs verib. Sənədi ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan da dəstəkləyib.  

 

ABŞ-ın başçılığı ilə beynəlxalq koalisiya isə Suriyada İŞİD-in hədəflərinə zərbələri davam etdirir. Ötən axşam Rəkka şəhərinin Tel Abyad qəsəbəsində 3 nöqtəyə hava hücumu edilib. Hücum zamanı İŞİD-in qərargah binaları və neft  yataqları vurulub.

 

Bu arada, İŞİD Türkiyə ilə sərhəddə mühasirədə saxladığı Kobani şəhərinin kənar məhəllərinə qədər irəliləyib. Şəhərdə küçə döyüşləri qeydə alınıb.

 

Sentyabrın 15-dən fəal hücumlara başlayan İŞİD Kobani ətrafında 360 kəndi ələ keçirib.

Müəllif | Apa.Tv
Apa.tv