Bakıda ülgüclü cinayət: gənc oğlanın üzünə çapıq vurulub

Bakının Xəzər rayonunda, Binə qəsəbəsində qanlı hadisə baş verib. Ülgüclə silahlanan naməlum şəxs qəsəbə sakininə hücum edib.

 

APA TV-nin xəbərinə görə, hadisə qəsəbə ərazisində yerləşən dəmir yolu keçidinin yaxınlığında qeydə alınıb. 24 yaşlı Ağasəməd Quliyevin Vüsal adlı şəxslə mübahisəsi düşüb. Yaranan mübahisəni həll etmək üçün tərəflər görüşüblər. Söhbət zamanı Vüsal qəfldən cibindən ülgüc çıxararaq, Ağasəmədin üzünə çapıq vurub və hadisə yerindən uzaqlaşıb. Yaralı ətrafdakı insanların köməkliyi ilə Kliniki Tibbi Mərkəzə çatdırlıb.

 

Hadisə yerinə Xəzər Rayon Polis İdarəsinin 2-ci polis bölməsinin əməkdaşları gəliblər. Hazırda polis əməkdaşları Ağasəməd Quliyevin üzünə çapıq vurmaqda şübhəli bilinən Vüsal adlı şəxsin axtarışlarını aparır. Zərərçəkən polis tərəfindən dindirilib. Ağasəməd Quliyev polislərə ona xəsarət yetirən adamın yalnız adını bildiyini söyləyib. O, Vüsalla yolla gedərkən təsadüfən rastlaşdığı və aralarında mübahisə düşdüyünü bildirib. Faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv