Amerikanın NBC telekanalının əməkdaşı Ebola virusuna yoluxub

Amerikanın NBC telekanalının əməkdaşı Liberiyada Ebola virusuna yoluxub. APA TV-nin məlumatına görə, 33 yaşlı operatorun adı ailəsinin istəməməsi səbəbindən açıqlanmır. Hazırda həmin şəxs müalicə üçün Amerikaya göndərilib. NBC News kanalının prezidenti Debora Terness bəyan edib ki, telekanalın digər bütün əməkdaşları Amerikaya qaytarılacaq və 21 gün karantində saxlanılacaq. Ebolaya yoluxan operator 3 ildir ki, Liberiyada işləyir. O, özünü əzgin hiss etməsi ilə bağlı həkimə müraciət edib və analizlərin nəticəsində Ebola virusuna yoluxduğu aşkarlanıb. Digər əməkdaşlarda isə hələ ki heç bir simptom müşahidə edilmir.

 

Xatırladaq ki, oktyabrın 1-də ilk amerikalı Ebola virusuna yoluxub. Amerikalı həkimlərin sözlərinə görə, texaslı bu şəxs birbaşa və ya dolayı yolla 80 nəfərlə kontaktda olub.

 

İndiyə kimi bu virusdan 3 minə yaxın şəxsin həyatını itirdiyi deyilir.

 

 

Müəllif | Apa.Tv