Elmar Məmmədyarov: "Erməni silahlı qüvvələri işğal etdikləri ərazilərdən çıxarılmalıdır"

"Erməni silahlı qüvvələri işğal etdikləri ərazilərdən çıxarılmalıdır və bu ərazilər Azərbaycana qaytarılmalıdır".

APA TV-nin xəbərinə görə, xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrliyi çərçivəsində Avropa Şurası Parlament Assambleyasında çıxışı zamanı belə deyib. Nazir Dağlıq Qarabağ münaqişəsi və dondurulmuş münaqişələrinin həlli ilə bağlı suala AŞ NK sədri kimi deyil, Azərbaycanın xarici işlər naziri kimi cavab verə biləcəyini söyləyib: “Azərbaycanla Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsi 20 ildən çoxdur davam edir. 1994-cü ildə atəşkəsin elan edilməsi ilə bu münaqişə müvəqqəti dayanıb. Erməni silahlı qüvvələrinin Azərbaycana soxulmaları nəticəsində Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan sərhədləri pozulub və ermənilər tərəfindən bütün bu işğal edilmiş ərazilər azərbaycanlılardan tamamilə təmizlənib. 1994-cü ildən ABŞ, Fransa və Rusiyanın həmsədrliyi ilə Minsk Qrupu münaqişənin həlli ilə məşğul olmağa başladı. Deməzdim ki, bu məsələdə hansısa irəliləyiş var. Təəssüf ki, ərazilərimiz hələ də işğal altında qalmaqdadır, məcburi köçkünlər öz yurd-yuvalarına qayıda bilmirlər. Regionda təhlükəsizlik baxımından bu, olduqca riskli və mürəkkəb bir məsələdir, regionun stabil inkişafı üçün mənfi hallardan başlıcasıdır. Biz Minsk Qrupunun həmməruzəçiləri ilə bu münaqişənin həlli üzərində tədricən işləmək istəyirik”.

 

Nazir AŞPA-da çıxışı zamanı Ukraynadakı vəziyyətin Avropa Şurasının bütün qurumlarını hələ də narahat etdiyini qeyd edib: "Nazirlər Komitəsi Ukraynadakı vəziyyətə dair bir sıra əhəmiyyətli qərarlar qəbul edib. Bu qərarlar ilk növbədə beynəlxalq hüququn mübahisələrin dinc yolla həlli, dövlətlərin ərazi bütövlüyünə hörmətin zəruriliyi kimi bir sıra fundamental prinsiplərinin bir daha təsdiq edilməsinə yönəlib. Onlar həmçinin münaqişənin dinc yolla və davamlı həllinin zəruriliyini təşviq etmək məqsədi daşıyır. Bununla əlaqədar nazir müavinləri 2014-cü ilin sentyabr ayının 5-də Minsk şəhərində imzalanan protokolu dəstəkləyərək bütün tərəfləri orada qeyd edilən on iki prinsipə hörmət və ciddi riayət etməyə çağırıblar".

 

Elmar Məmmədyarov bir neçə həftədən sonra, noyabr ayının 13-də Azərbaycanın AŞ Nazirlər Komitəsində sədrliyi Belçikaya ötürəcəyini xatırladıb. Lakin o vaxta qədər Azərbaycanın öz prioritetlərini həyata keçirməyə davam edəcəyini bildirib: "Ötən iyul ayında Nazirlər Komitəsi tərəfindən İdman Yarışlarının Manipulyasiyasına dair Konvensiyanın qəbul edilməsi Azərbaycanın sədrliyi üçün böyük qürur mənbəyidir. Bu Konvensiya Avropa Şurasının idman etikasına tarixi sadiqliyinə uyğundur. Bu, həmçinin Azərbaycanın əsas prioritetlərindən olan korrupsiya ilə mübarizəyə töhfədir. 18 sentyabr tarixində İsveçrənin Macolin şəhərində keçirilmiş Avropa Şurası ölkələri idman nazirlərinin 13-cü konfransında mənim ölkəm də daxil olmaqla, ən azı 15 üzv dövlətin Konvensiyanı imzalamasından xüsusi məmnunluq duyuram. Həm üzv, həm də qeyri-üzv dövlətlər tərəfindən imzalanmağa açıq olan Konvensiyanın tez bir zamanda qüvvəyə minməsi üçün zəruri olan ratifikasiya saylarının təmin ediləcəyinə ümid edirəm".

 

Nazirin sözlərinə görə, Azərbaycan özünün növbəti sədrlik prioritetləri çərçivəsində gənclərin təhsilinə və mühafizəsinə də diqqət ayırır. Elmar Məmmədyarov əlavə edib ki,  Avropa Şurasının qonşu regionlarla bağlı siyasətinin inkişaf etdirilməsi də Nazirlər Komitəsinin gündəliyində qalır və sədrliyin əsas prioritetlərindən biridir. Çıxışının sonunda nazir gələn ay sədrliyin başa çatmasından sonra da ortaq prioritetlərin icrası istiqamətində Belçikaya, Bosniya və Herseqovinaya dəstək nümayiş etdirəcəyini qeyd edib. 

Müəllif | Apa.Tv