Şəmkirdə öldürülən Rəşid İmanovun atası: "O qadın nəvələrimi didərgin saldı..."-TƏFƏRRÜAT

Şəmkir rayonunun Çinarlı qəsəbəsində  baş verən qətlin bəzi təfərrüatları məlum olub. Odlu silahla qətlə yetirilən və meyiti iki gün sonra yaşadığı evdən tapılan kənd sakini Rəşid İmanovun atası Cəlil İmanov hadisənin təfərrüatlarını APA TV-yə açıqlayıb. Onun sözlərinə görə, oğlunun nikahsız yaşadığı Gülmira Abdullayeva təxminən 3 il əvvələdək Alabaşlı kəndində ərdə olub. Onun ilk evliliyindən 2 qızı, 1 oğlu var. Rəşidlə tanış olandan sonra qızlarını da yanına alaraq, mərhum Rəşidin evinə köçüb. Oğlu isə atasında qalıb. Sonra qızlarından biri Rəşid İmanovun evindən Goranboy rayonunun Qarakeşiş kəndinə gəlin köçüb. Həmin qızın cehizini də Rəşid İmanov alıb. Cəlil İmanov deyir ki, onlar təxminən 3 il birgə yaşadıqdan sonra Gülmiranın qardaşı da bunların evinə işləməyə gəlib: "Oğlumun hardasa 30-40 min manat pulu vardı, özünə ev tikdirmək istəyirdi. Bir qız nəvəm, bir oğul nəvəm burda işləyirdi. Onları bu qadın didərgin saldı. Ondan sonra qardaşını gətirdi. Qardaşı bir ay qaldı. Sonra da oğlumu öldürüb, pulu da götürüblər".

 

Həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində məlum olub ki, qətli sentyabrın 29-da Rəşid İmanovun qeyri-rəsmi nikahda yaşadığı Gülmira Abdullayevanın qardaşı Mirəzim Allahverənov törədib. Cəlil İmanovun sözlərinə görə, nə oğlu ilə Gülmira arasında, nə də onun qardaşı ilə aralarında əvvəllər hər hansı narazılıq olub. Gülmiranın qardaşı Mirəzim Allahverənovu qadının əvvəlki əri öyrədib: "Yəqin ki, bunun qabaqkı əri öyrədib qardaşını".

 

Hazırda Mirəzim Allahverənovun tutulması istiqamətində tədbirlər davam etdirilir. Onun Qazaxıstan vətəndaşı olduğu bildirilir. 

Müəllif | Apa.Tv
Azər Məmmədli