Bakıda “Rəqəmsal dövrdə medianın transformasiyası” adlı dəyirmi masa keçirilib

"Azərbaycanda mətbuat və söz azadlığı təmin olunur, ölkə hazırda həm də sosial media dövrünü yaşayır. Hazırda bütün dünyada internet media artıq klassik medianı sıxışdırmağa başlayıb. Sosial media isə artıq ənənəvi media ilə yanaşı addımlayır".

 

APA TV-nin məlumatına görə, bunu IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “Rəqəmsal dövrdə medianın transformasiyası: inkişafın yeni meylləri” adlı dəyirmi masada  AzərTAc-ın baş direktoru Aslan Aslanov deyib. Onun sözlərinə görə, yaşadığımız əsrin ötən 14 ilində ənənəvi media ilə sosial media arasında çox ciddi rəqabət başlayıb: "Sözün həqiqi mənasında internet jurnalistikası ənənəvi medianı ciddi sürətdə sıxışdırır. Bu gün jurnalistikanın yeni bir sahəsi yaranır. Biz bunu inkar edə bilmərik. Sosial media demək olar ki, həyatımızın bütün sahələrində öz yerini tutur. Bu gün bu mövzular Forumda müzakirə olunur. Çünki bu, hər kəsi narahat edən mövzudur. Ancaq narahatlığa ciddi əsas yoxdur. Həm sosial, həm də ənənəvi media öz problemlərini yüksək səviyyədə həll edəcək və onlar bərabər sürətdə cəmiyyətin bütün problemlərinin həllində yanaşı addımlayacaqlar”.

 

"Mən sosial medianı etibarlı xəbər mənbəyi kimi qəbul edirəm" deyən Avropa Xəbər Agentlikləri Alyansının (EANA) sabiq prezidenti, Avstriyanın APA agentliyinin icraçı direktoru Piter Kropş isə hesab edir ki, sosial media sürətli inkişaf dövrünü yaşayır: "Sosial media ənənəvi medianın bəzi çatışmazlığını örtür. Çünki  məlumatları sosial mediada yerləşdirmək işini həyata keçirmək çox asandır. Lakin  təbii ki, sosial medianın da öz çatışmazlıqları var. Sosial media fəaliyyətində manipulyasiyaya və korrupsiyaya yol versə, bu, onun məhvinə gətirib çıxara bilər".

 

Türkiyə Jurnalistlər Federasiyasının (TJF) prezidenti Atila Sertel çıxışına Azərbaycan torpaqlarının işğal olunması və Xocalı sakinlərinin soyqırıma məruz qalması faktını xatırlatmaqla başlayıb. O, xüsusilə qadın və uşaqların amansızcasına qətl edilməsinin qəbuledilməz olduğunu və ədalətin bərqərar olmasına ehtiyac duyulduğunu bildirib: "Azərbaycan Qarabağ və Xocalı kimi faciələrin acısını yaşayır. Xocalıda yüzlərlə ailə qətlə yetirilib. Çox uşaq atasız, anasız qalıb. İndi həmin uşaqların 23 yaşı var. Onlar anasız böyüməli deyillər. Heç bir dövlət, heç bir  ürək sevgisiz olmamalıdır. Türkiyənin də hazırda savaşa və müharibə gedən torpaqlara cəlb edilməsi müzakirə edilir. Bununla bağlı qanun, qərar qəbul edildi. Türkiyə müharibəyə müdaxilə edərsə, biz onun içindən çıxa bilmərik. Yaxın Şərq bataqlıqdır. Bizə də o müharibədə çox zərər dəyə biləcəyinə görə narahatlığımız var".

 

Qeyd edək ki, Forum çərçivəsində Azərbaycan Dövlət Teleqraf Agentliyi ilə bir sıra ölkələrin xəbər agentlikləri arasında əməkdaşlıq və informasiya mübadiləsi sahəsində anlaşma memorandumları imzalanıb.

 

Müəllif | Apa.Tv