Alman publisist: "Qərb ölkələrində Qarabağ münaqişəsinə dair ikili standart var"
"Qərb ölkələrinin siyasi dairələrində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ikili standartlar mövcuddur. Ermənistan tərəfindən cəbhə xəttində törədilən son insidentlər bunu bir daha təsdiq edib. Bu baxımdan da Dağlıq Qarabağ münaqişəsini bəzilərinin təqdim etməyə çalışdığı kimi “dondurulmuş münaqişə” adlandırmaq olmaz".
Bunu APA TV-yə IV Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən almaniyalı tanınmış publisist Rixard Kessler deyib: "Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Qərb daha çox səy göstərməlidir. Çünki bu bölgədə sülhün və sabitliyin bərqərar olması Qərb ölkələri üçün böyük əhəmiyyət kəsb edir. Təəssüf ki, bu istiqamətdə qətiyyətli addımların atıldığını görmürük. Ukrayna böhranı ilə bağlı Rusiyaya qarşı sanksiyalar tələb edən siyasətçilər Dağlıq Qarabağ məsələsində lazımi mövqe nümayiş etdirmirlər”.
Avropada, xüsusilə də Fransada güclü erməni lobbisinin olduğunu deyən Rixard Kessler qeyd edib ki, Ermənistan mövcud imkanlarla özünə qarşı isti münasibət yaratmağa çalışır. Lakin reallıq onu göstərir ki, Ermənistan iqtisadiyyatı getdikcə zəifləyir və insanlar xaricə üz tuturlar. Onlar öz ölkələrinin inkişafından çox lobbiyə diqqət yetirirlər, lakin bu, nə Avropa, nə də Ermənistan üçün faydalıdır. Lobbi amili regiona münasibətdə ikili standartlar yaradır və Qarabağ münaqişəsinin həllinə mane olur.
Publisist Ermənistanda səfərdə olduğunu, oradakı vəziyyəti gördüyünü deyib. Onun sözlərinə görə, Azərbaycanda isə əksinədir, bu ölkədə iqtisadiyyatın inkişafı üçün hər cür diqqət göstərilir.