MN: Şəhid olan və yaralanan hər bir hərbçimizin qisası on qat alınır
Bu ilin iyul-avqust aylarında kəşfiyyat-təxribat qruplarının Azərbaycan Ordusunun mövqelərinə hücum etmək cəhdlərinin qarşısının alınması zamanı ölü və yaralı olaraq 70-dək itki verən erməni tərəfi onlara vurulan sarsıdıcı zərbədən hələ də özlərinə gələ bilməyərək itkilərini gizlətməkdə davam edir.
APA TV-nin məlumatına görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı bəyanatda bildirilib.
Bəyənatda qeyd olunub ki, Ermənistan kütləvi informasiya vasitələri həmişə olduğu kimi növbəti dəfə özlərinin qeyri-hökumət təşkilatları, sosial mediaları vasitəsilə Azərbaycan Silahlı Qüvvələri haqqında erməni ictimaiyyəti üçün dezinformasiya xarakterli məlumatlar yaymaqda davam edir.
Ermənistanda hakimiyyətə qarşı başlanan kütləvi aksiyalardan, daxili çəkişmələrdən qorxuya düşən cinayətkar Yerevanın hərbi-siyasi rejimi cəbhədə verdiyi itkiləri azaldaraq, əhalinin fikrini yayındırmaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin itkiləri və atəşkəs rejiminin pozulması haqqında təxribat və dezinformasiya xarakterli şişirdilmiş məlumatlar yayır. Müdafiə Nazirliyi bildirir ki, müdafiənin ön xəttində yerləşən bölmələrimiz erməni tərəfinin istənilən təxribatının qarşısını almağa və onu darmadağın etməyə hazırdır. Şəhid olan və yaralanan hər bir hərbçimizin qisası düşməndən on qat alınır və bundan sonra da alınacaq.