Prezident İlham Əliyev Abşeron rayonunda bir sıra obyektlərin açılışına qatılıb
Oktyabrın 3-də prezident İlham Əliyev Abşeron rayonunda bir sıra obyektlərin açılışında iştirak edib. Dövlət başçısı ümummilli lideri Heydər Əliyevin Xırdalan şəhərindəki abidəsini ziyarət edib, Xırdalan şəhərində Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.
Abşeron rayon ictimaiyyətinin nümayəndələri ilə görüşənb Prezident İlham Əliyev Xırdalan şəhərindəki Bayraq Meydanında olub. Dövlət başçısına məlumat verilib ki, bayraq dirəyinin hündürlüyü 65 metrdir. Bayrağın sahəsi isə 200 kvadratmetr təşkil edir. Burada müxtəlif video görüntülərin nümayiş etdirilməsi üçün böyük monitor da quraşdırılıb.
Bütün bunlar Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan, bu gün müstəqil ölkəmizin başı üzərində dalğalanan üçrəngli, ay-ulduzlu bayrağımıza dövlət səviyyəsində olan ehtiramın göstəricisidir. Daha sonra prezidenti İlham Əliyev Xırdalan şəhərində yaradılan “Park Abşeron” əyləncə mərkəzinin açılışına qatılıb.
1400 kvadratmetr ərazisi olan əyləncə mərkəzində buz meydançası yaradılıb. Bu da həm uşaqlar, həm də gənclər üçün maraqlı istirahət imkanı yaradır. Bundan əlavə, mərkəzdə 3D sinema, kafe, 3D tir otağı, boulinq zalı fəaliyyət göstərir. Yay kafesinin də olduğu mərkəzdə yerli əhalinin və qonaqların istirahətinin təşkili üçün bütün imkanlar var.
İlham Əliyev Xırdalan şəhərində musiqi və şahmat məktəblərinin açılışına qatılıb.
Azərbaycan prezidenti Masazır qəsəbəsində inşa olunan stadionun açılışında da iştirak edib. Masazır qəsəbəsindəki stadion beynəlxalq standartlar nəzərə alınaraq inşa olunub və tikinti işləri ən yüksək səviyyədə həyata keçirilib. 13 min tamaşaçı yeri olan bu idman qurğusunda mətbuat, məşqçi, tibb və dopinq-test otaqları var.