Lənkəranda yanacaqdoldurma məntəqəsində yanğın baş verib
Lənkəranda güclü yanğın hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Lənkəran-Lerik şose yolunun 2-ci km-də, rayon sakini Salman Hüseynova məxsus yanacaqdoldurma məntəqəsində qeydə alınıb. 46 yaşlı Lənkəran rayon sakini Maqsud Hacıbala oğlu Xanməmmədovun idarə etdiyi “DAV” markalı, 44 AC 504 dövlət nömrə nişanlı benzin daşıyan maşından yanacaq boşaldılarkən avtomobil qəfil yanmağa başlayıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Lənkəran, Masallı, Astara rayonlarındakı yanğından mühafizə hissələrindən 6 yanğınsöndürən maşın və şəxsi heyət cəlb olunub. Təqribən yarım saat müddətində yanğın tam söndürülməklə böyük bir təhlükənin qarşısı alınıb.
Yanğın nəticəsində yanacaqdoldurma məntəqəsinin operatoru, Lənkəran rayon sakini, 35 yaşlı Fariz Əliyev 2-ci və 3-cü dərəcəli yanıq xəsarətləri alaraq Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
İlkin versiya kimi yanğına yanacaq daşıyan avtomobilin arxa təkərində və nasos hissəsində yaranan nasazlığın səbəb olduğu bildirilir.