İŞİD Britaniya vətəndaşını edam etdi
“İslam Dövləti” (İŞİD) terrorçu təşkilatı Böyük Britaniya vətəndaşı Alan Henninqi edam edib. APA TV-nin xəbərinə görə, yaraqlılar edam səhnəsini əks etdirən videonu internet vasitəsi ilə yayıb. Bundan əvvəl Henninqin həyat yoldaşı ekstremistlərə müraciət edərək, ərinin azad olmasını xahiş etmişdi.
Qeyd edək ki, Suriyaya humanitar missiya üçün göndərilən Alan Henninq 2012-ci ildə girov götürülmüşdü. Videodan dizi üstə çökmüş Alan Henninqin "Parlamentimizin İŞİD-i zərbə endirmə qərarının cəzasını mən çəkəcəyəm, çünki, normal bir İngilis vətəndaşıyam" dediyi görünür. Bundan sonra maskalı terrorçu İngiltərə baş naziri Devid Kemerona səslənərək bildirib ki, onun vətəndaşının qanı İngilis parlamentinin əlindədir və Alan Henninqin başını kəsir. Terrorçu həmçinin Obamaya müraciət edərək hava hücumlarının dayandırılmayacağı təqdirdə ABŞ vətəndaşı Piter Kessiqin edam ediləcəyini bildirib. ABŞ Milli Təhlükəsizlik Xidmətinin rəsmi bəyanatında amerikalının girov götürülməsi təsdiqlənib. Qurumun mətbuat xidmətinin rəhbəri Keytlin Heyden bildirib ki, bu gün yayımlanan video görüntülərdə məhz Piter Kessiqin əks olunması şübhə doğurmur. “Piteri azad edib evinə qaytarmaq üçün bütün vasitələrdən - hərbi, diplomatik, kəşfiyyat vasitələrindən istifadə edəcəyik” deyə Heyden bildirib.
BBC-nin məlumatına əsasən, 2013-cü ildə Suriyada oğurlanan Piter Kessiq yaralılara təcili tibbi yardım üzrə humanitar missiyanın üzvü olub.