Bakıda qurban kəsimi məntəqələrindən reportaj
Bu gün müqəddəs Qurban bayramının ilk günüdür. Hər kəs öz qurbanını kəsmək üzrədir. Burda satış yarmarkasında həm qurbanlıq qoyunlar alınır, eyni zamanda da qurbanlar burada kəsilir.
Paytaxtın 8 yerində qurbanlıq heyvanların satış məntəqələri təşkil olunub. Satış məntəqələrinə 12 mindən çox heyvan çıxarılıb və heyvanların gətirilməsi davam edir. Kənd təsərrüfatı naziri Heydər Əsədov satış yarmarkasında iştirak edib.
“Biz düşünürdük ki, bir baş qurbanlıq heyvanı 95 manata sataq. Ancaq əhalinin tələbatını nəzərə alaraq satışın 90 manatdan olmasına qərar verdik. Biz istehlakçılarla bərabər, istehsalçıların da marağını gözləyirik. Burada elə bir optimal nöqtə yaratmalıyıq ki, bu, məhsullar bazara optimal nöqtədən artıq təsir göstərməsin, insanların zəhməti ilə yetişdirdiyi heyvanlarının dəyərindən çox ucuzlaşmasına gətirib çıxarmasın”.
Kəsim məntəqələrində Dövlət Baytarlıq Xidmətinin nümayəndələri də var. Səyyar laboratoriyalarda qurbanlıq heyvanlar yoxlanılır.
Dövlət Baytarlıq Xidmətinin rəisi Siyalə Rüstəmova bütün rayonlara müvafiq xəbərdarlıqlar göndərildiyini deyib: “Bütün rayonlara xəbərdarlıq edilib ki, kimsə heyvanlarını qurbanlıq məqsədi ilə satışa çıxarmaq istəyirsə, mütləq baytarlıqdan sağlamlıq kağızı almalı, sonra satışa çıxarmalıdır. Hazırda Bakıda 27 baytarlıq laboratoriyası fəaliyyət göstərir”.
Burada qurbanlıqların kəsilməsi üçün xüsusi şərait yaradılıb. Alınan qurbanlıq heyvanlar burada kəsilir, soyulur və sahibinə təqdim edilir.
Kəsimlər pulsuz həyata keçirilir. Vətəndaşlar səhər saatlarından başlayaraq sıxlıq müşahidə olunan yarmarkalarda qiymətlərin aşağı olmasından yararlanmağa çalışırlar. Siyahıda ilk adlarını yazdıranların bəxti gətirdi desək yanılmarıq.
Qeyd edək ki, 4-5 oktyabr tarixləri Qurban bayramı kimi qeyd olunur. Qurban bayramı istirahət günlərinə təsadüf etdiyindən Azərbaycanda 6-7 oktyabr tarixləri qeyri-iş günüdür.