İsmayıllıda baş verən dəhşətli qəzada ölən və xəsarət alanların adları məlum oldu

İsmayıllıda mikroavtobusun aşması nəticəsində ölən iki nəfərin və xəsarət alan 7 nəfərin adları məlum olub. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Muğanlı-İsmayıllı yolunun 25-ci kilometrliyində, İsmayıllının Basqal kəndi ərazisində qeydə alınıb. Bakı-Şəki marşrutu ilə hərəkət edən 99-CJ-822 dövlət nömrə nişanlı “Ford Tranzit” markalı sərnişin mikroavtobusun sürücüsü idarəetməni itirdiyindən maşın yoldan çıxaraq aşıb. Yaralılar İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan verilən məlumata görə, mikroavtobusun sürücüsü 30 yaşlı Vüsal Manafov, eləcə də sərnişinlər - 46 yaşlı Sahil Nurməmmədov, 43 yaşlı Fəridə Məhərrəmova, 50 yaşlı Məhayət Musayeva, 45 yaşlı Fərrux Səlimov, 25 yaşlı Azər Səmədov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq İsmayıllı Mərkəzi Rayon Xəstəxanasının reanimasiya və travmatologiya şöbələrinə yerləşdirilib. Hadisə zamanı 19 yaşlı Pünhanə Mürşüdova və 24 yaşlı Elşən Rəşidov aldıqları ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. Hadisəyə səbəb kimi havanın yağmurlu, yolun sürüşkən olması bildirilir. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
 

Müəllif | Apa.Tv
Elvin Yaqubov