Kəlbəcərdə ermənilər tərəfindən öldürülmüş Həsən Həsənov Bakıda dəfn olunub

İşğal olunmuş Kəlbəcər rayonu ərazisində ermənilər tərəfindən öldürülmüş Həsən Həsənovun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində ekspertiza olunduqdan sonra dəfn olunmaq üçün Bakının Binəqədi rayonuna aparılıb.

Dəfn mərasimində Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov, rayon ictimaiyyətinin nümayəndələri mərhumun yaxınları, dostları iştirak edib.

Həsən Həsənovun atası oğlunun Vətən uğrunda şəhid olduğunu deyib: “Oğlum Həsən Həsənov Vətənim və Azərbaycan xalqı uğrunda şəhid olub. Mən bununla fəxr edirəm”.
Sabiq batalyon komandiri Vaqif Əlisoy əvvəllər də əsirlərin və meyitlərin qaytarılmasında iştirak etdiyini deyib: “Biz heç bir zaman erməni əsirlərinə işgəncə verməmişik. Amma erməni faşistləri Həsənin meyitinə işgəncə veriblər. Bu qan yerdə qalmayacaq, bunu bilsinlər”.
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov isə deyib ki, Həsən Həsənovun dəfn mərasiminin təşkilini və digər xərcləri onun anadan olduğu Cəbrayıl rayonunun İcra Hakimiyyəti öz üzərinə götürüb.
Mərasimdə iştirak edən, ermənilər tərəfindən girov götürülmüş Dilgəm Əsgərovun qardaşı Sahib Əsgərov da qardaşının və Şahbaz Quliyevin tezliklə sağ-salamat qayıdacağına ümidlidir.
Ermənilər tərəfindən girov götürülmüş Dilqəm Əsgərovun qardaşı Sahib Əsgərov da qardaşının tezliklə geri qaytarılacağına ümidvar olduğunu deyib: “Biz bilirik ki, Dilqəm və Şahbazın geri qaytarılması üçün ölkə başçısı əlindən gələni edir. Ümid edirik ki, onlar da tezliklə sağ-salamat geri qaytarılacaqlar”.
Qeyd edək ki, mərhum Həsən Həsənovun ruhuna dualar oxunduqdan sonra onun Azərbaycan bayrağına bükülmüş tabutu Binəqədi qəbiristanlığında dəfn edilib.
Xatırladaq ki, Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək, öldürülüb. Mərhumun nəşi oktyabrın 2-də qarşı tərəfdən geri alınıb.
 

Müəllif | Apa.Tv