Braziliyada prezident seçkisinin qalibi ikinci turda bəlli olacaq

Braziliyada prezidenti ilk turda seçmək mümkün olmayıb. Seçkidə namizədlərdən ikisi - fəaliyyətdə olan prezident Dilma Russef və sosial-demokratların namizədi Aesiu Nevis daha çox səs toplayıb. Dilma Russef əsas rəqibindən təxminən 7 faiz çox səs toplasa da, ona verilən səslərin cəmi 50 faizi keçməyib və qanunvericiliyə əsasən seçkinin qalibinin müəyyənləşdirilməsi ikinci tura qalıb. Prezident seçkilərinin ikinci turu oktyabrın 26-da keçiriləcək.

 

APA TV-nin xəbərinə görə, Latın Amerikasının ən böyük ölkəsində səsvermə 9 saat davam edib və yerli vaxtla saat 17-də (Bakı vaxtı ilə gecə saat 1-də) başa çatıb.  Ölkə sakinləri prezident, senator və deputatları, eləcə də 27 ştatın qubernatorlarını seçməliydi. Braziliyada seçkidə iştirak 18-70 yaş arası bütün vətəndaşlar üçün məcburidir. Seçki günü ölkədə təhlükəsizliyi 400 minə yaxın polis əməkdaşı və hərbçi qoruyub.

 

Seçkinin gedişini 21 ölkə və beynəlxalq təşkilatdan xarici müşahidəçilər izləyib.

 

Braziliyanın seçki qanunu ştat və federal bölgələrdə seçki günü alkoqollu içkilərin satışını qadağan edir. Səsvermə məntəqələrində foto çəkilməsinə, cib telefonu və elektron cihazlardan istifadəyə də icazə verilmir.

Müəllif | Apa.Tv
Apa.tv