İŞİD-in girov götürdüyü 16 nəfər azad edilib
ABŞ ordusu İraq və Suriyada İŞİD hədəflərinə 9 yeni hava hücumu edib. Amerika qırıcıları və helikopterləri Suriyada İŞİD-in 3, İraqda isə 6 mövqeyini vurub.
APA TV-nin xəbərinə görə, Suriyanın Kobani şəhəri uğrunda gərgin döyüşlər davam edir. İŞİD-ə yaxın saytlar şəhərin ələ keçirildiyini yazsa da, hələlik bunun rəsmi təsdiqi yoxdur.
Türkiyə hökuməti isə Şanlıurfa vilayətinin Suriya ilə sərhəddəki üç kəndini boşaltmağa başlayıb. Ötən gün Suriya tərəfdən minaatanlardan atılan mərmi Suruç qəsəbəsində yaşayış evinə düşüb. Hadisə nəticəsində azı 5 nəfər xəsarət alıb. Yaralılardan biri 5 yaşlı uşaqdır.
Türkiyənin əmək və sosial müdafiə naziri Faruk Çelik Suriya ilə həmsərhəd Şanlıurfa vilayətinə səfər edib. O, Türkiyəyə sığınan Kobani sakinləri ilə görüşüb və Kobanidə qanlı döyüşlərin davam etdiyini bildirib.
Bu arada isə "İraq Şam İslam Dövləti" təşkilatının girovluğunda olan və Həsaka şəhərində saxlanılan 16 girov terrorçuların əlindən qaçıb. Qaçan girovlardan biri deyib ki, şəhərin bir hissəsi ABŞ aviasiyası tərəfindən bombardman edildikdən sonra naməlum şəxs kameranın qapısını açıb və onlar azadlığa çıxıblar.
Məlumata görə, bombardman zamanı 30 İŞİD üzvü məhv edilib. Onların əksəriyyəti əcnəbidir.