Qroznıda qanlı "Şəhər günü": 5 ölü, 12 yaralı
Çeçenistanın paytaxtı Qroznıda "Şəhər günü" şənlikləri qanlı terrorla yadda qalıb. Hadisə nəticəsində 5 polis əməkdaşı ölüb, 12 nəfər yaralanıb.
APA TV-nin xəbərinə görə, Qroznının mərkəzi meydanında şəhərin quruluş ildönümünə həsr olunmuş konsert təşkil olunub. Konsertin keçirildiyi əraziyə daxil olmaq istəyən gənclərdən birini polis yoxlamaq istəyərkən, o, üzərindəki bombanı işə salıb.
Baş vermiş partlayış nəticəsində 5 polis həlak olub, daha 12 nəfərin isə yaralandığı bildirilir.
İlkin məlumata görə, bombalı hücumu 19 yaşlı yerli sakin Apti Mudarov təşkil edib. O, yarım il əvvəl evini tərk edib. 19 yaşlı gəncin bu müddət ərzində harada olduğundan yaxınlarının xəbəri olmayıb. Lakin hüquq-mühafizə orqanları onu qanunsuz silahlı dəstənin üzvü kimi axtarırlarmış.
İntiharçı-terrorçu özünü konsert zamanı partlatmaq istəyirmiş. Lakin o, polis səddini keçə bilməyib.
Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev bəyan edib ki, məhz polis əməkdaşlarının sayıqlığı xeyli insan tələfatının qarşısını alıb.
Çeçenistanın rəhbəri Ramzan Kadırov da Qroznıda konsert zalı yaxınlığındakı partlayış zamanı ölənlərin ailə üzvlərinə və yaxınlarına başsağlığı verib. O vəd edib ki, hadisəni törədənlər məhv ediləcək: "Bu şeytanlar özlərinin əsl sifətlərini göstərdilər. Biz onlara göstərəcəyik ki, yer üzündə mövcud olmalı deyillər. Bu partlayışda əli olanlar tapılacaq və məhv ediləcək".