Beynəlxalq Humanitar Forumunun iştirakçıları Quba Soyqrımı Memorial Kompleksində olublar
IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları Quba rayonuna səfər edib. APA TV-nin şimal bürosunun məlumatına görə, forum iştirakçılarını qarşılayan Quba rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev qonaqlara Quba rayonu haqqında məlumat verib. Forum iştirakçıları Heydər Əliyev mərkəzində, Gənclər Mərkəzində, Cümə məscidində və Qədim Quba Xalçaçılıq müəssəsində olublar. Onlara Qubanın özləllikləri barədə məlumat verilib. Daha sonra xarici qonaqlar Quba Soyqrımı Memorial Kompleksini ziyarət ediblər. Bildirilib ki, 2007-ci ilin aprelində aşkarlanmış Quba kütləvi məzarlığından əksəriyyəti uşaq, qadın və qocalara məxsus olan 400-dən çox insanın sümükləri tapılıb. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən aparılan tədqiqatlar nəticəsində məlum olub ki, məzarlıqda kütləvi şəkildə basdırılanlar ötən əsrin əvvəllərində erməni silahlıları tərəfindən vəhşicəsinə öldürülən yerli sakinlərdir.
Fizika üzrə Nobel mükafatçısı Devid Qross deyib ki, bu, çox böyük faciədir: "Mən böyük faciə ilə rastlaşdım. Azərbaycanda belə bir faciənin baş verdiyini bilmirdim. Mənə çox pis təsir elədi. Bu vəhşiliyi öz gözlərimlə gördüm. İstəyirəm ki, dünyanın heç bir yerində belə hadisə baş verməsin. Gördüklərim həqiqətən çox dəhşətli idi".
Kaliforniya Universitetinin professoru Yael Varşel də gördüklərindən çox təsirlənib: "Bura gəlməsəydim, bu hadisə ilə bağlı məlumat əldə edə bilməzdim. Buranı gördükdən sonra tələbələrimə hadisə barədə əminliklə danışa bilərəm".
Qonaqlar həmçinin dağ yəhudilərinin kompakt yaşadığı Qırmızı qəsəbəyə də səfər edib. Beynəlxalq forum iştirakçıları Quba rayonu ərazisində, Xınalıq yolu üzərində yerləşən dağ şəlaləsinə də ekskursiya ediblər.