Nadir eksponatlar, dəyərli sənət əsərləri... - XALÇA MUZEYİNDƏN REPORTAJ

Azərbaycan xalq tətbiqi sənəti və xalçaçılıq xalqın milli mədəniyyəti tarixində özünəməxsus yer tutur. Yeni istifadəyə verilən Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində Azərbaycan xalqının milli mədəniyyətinin daşıyıcısı olan xalça və xalq tətbiqi sənəti nümunələrinin qədim dövrlərdən bu günədək müxtəlif növləri saxlanılır. Muzey Azərbaycanın xalça və xalq tətbiqi sənətinin nümayiş edildiyi ən zəngin ekspozisiyaya malikdir. Müxtəlif naxış elementləri və təsvirlərlə bəzədilən xovlu və xovsuz xalçalar ölkənin müxtəlif regionlarından gətirilərək burada nümayiş etdirilir. Daha çox Quba, Şirvan, Bakı, Gəncə, Qazax, Qarabağ və Təbriz qrupları kimi klassik toxuculuq məktəblərinin ənənələrini, metal məmulatlarını, milli geyim və bədii parça nümunələrinin sonsuz çeşidlərini görmək mümkündür.

 

Muzeylə tanışlığa xalçaçılığın ən qədim hazırlanma texnologiyalarının nümayiş olunduğu zaldan başlayırıq. Burada ilk xalça nümunələrindən tutmuş onların hazırlanma avadanlığına da rast gəlmək mümkündür. Yun əyirmək üçün cəhrə, iti uclu sümük bizlər, daraq, həvə, toxmaq və hana qədim xalçaçılığın ilk alətləri hesab olunur.   

 

Arxeoloji materiallara və yazılı mənbələrə əsasən, Azərbaycanda xalçaçılıqla hələ tunc dövründən - yəni e.ə. II minilliyin sonu - I minilliyin əvvəllərində məşğul olublar. Cənubi Azərbaycanın Maku şəhərindən tapılmış gildən düzəldilmiş at fiqurunun üzərində gül-çiçək təsvirləri ilə bəzədilmiş çul rəsmi, Urmiya gölü yaxınlığındakı Həsənlu təpəsindən aşkar edilmiş qızıl camın səthində üstünə çul salınmış şir təsviri və başqa tapıntılar Azərbaycanda xalça sənətinin nə qədər qədim tarixə malik olduğunu göstərir. Muzeyə gələn ziyarətçilər burada üzərində müxtəlif naxışlar və elementləri olan saxsı, tunc, mis, qızıldan qədim qabları görə bilərlər.    
 

Azərbaycanda xalçaçılığın inkişafı haqqında Herodot, Klavdi Elian, Ksenofont və başqa qədim dünya tarixçiləri məlumat veriblər. Bizim eranın III-VII əsrlərində Sasanilər dövründə Azərbaycanda xalça sənəti daha da inkişaf edir, ipəkdən, qızılı, gümüşü saplardan nəfis xalçalar toxunur. Orta əsrlərdə bu saplardan toxunan xovsuz xalçaların əsas istehsal mərkəzləri Təbriz, Şamaxı və Bərdə şəhərləri idi. Baha başa gəldiyindən əsasən, feodallar üçün toxunulan bu cür xalçalar "zərbaf" adlanırdı. XVI əsrdə Azərbaycanda olmuş ingilis səyyahı Antoni Cenkinson Şamaxıda Abdulla xanın yay iqamətgahındakı qızılı, gümüşü saplarla toxunulmuş xalça haqqında məlumat verir.

 

1539-cu ildə toxunan Şeyx Səfi Xalçasının surəti hazırda muzeydə nümayiş olunur. Təəssüflə deyə bilərik ki, Şeyx Səfi xalçasının əsli Böyük Britaniyada Viktoriya və Albert Muzeyində "İran xalçası" adı altında sərgilənir.  

 

Xalça müzeyinin direktoru Röya Tağıyeva APA TV-yə deyib ki, Şeyx Səfi xalçası Viktor və Albert muzeyində saxlanılır: "Əslində biz onlara "çox sağ ol" deməliyik ki, bu tarixi mədəniyyət nümunəmizi dəyərləndiriblər, qoruyub saxlayıblar. Eyni zamanda muzeydə onunla bağlı xüsusi geniş bölmə də yaradılıb. Lakin biz onun adının geri qaytarılması istiqamətində danışıqlar aparmalıyıq. Bu ad əslində Ərdəbil-Azərbaycan-İran yazılmalıdır".

 

Muzeyin direktoru deyir ki, eyni zamanda Azərbaycan xalçaları olan Qarabağ xalçaları Kiyev muzeyində erməni xalçaları adı altında, qədim torpaqlarımız olan Borçalı xalıları isə gürcü xalıları adı altında Gürcüstan muzeylərində nümayiş olunurdu. Dövlətlərarası danışıqlardan sonra həmin xalçaların adları Qarabağ-Azərbaycan xalçaları kimi dəyişdirildi. Xovsuz xalçaların, ümumiyyətlə xalça sənətinin yaranmasının əsasını onların ilk sadə nümunələri olan həsir, çətən, buriya təşkil edir. Xovsuz xalçalar toxuma üsuluna, kompozisiyasına, ornament zənginliyinə və rəng koloritinə görə bir-birindən fərqlənən 8 növə bölünür - Palaz, Cecim, Ladı, Kilim, Şəddə, Vərni, Zili, Sumax.

 

Daha çox Bakı xalçaçılıq məktəbinə aid olan Zili xalçaları naxışları və elementləri ilə digərlərindən fərqlənir. Bu xalçaların üzərində quş təsvirləri var ki, qədim inanclara görə, üz-üzə dayanan quşlar xoşbəxt ailə simvolları hesab olunur.

 

Əjdaha təsvirli xalçalar isə Çin-Uyğur mədəniyyətindən götürülmüş nümunələrdir. Muzeydə nümayiş olunan əjdaha təsvirli Vərnilər gələn ziyarətçilərin daha çox diqqətini çəkir.

 

"Azərbaycan xalçalarının üzərində olan rəsmlər xüsusi milli ornamentlər diqqətimizi çəkdi. Mən dünyanın bir sıra ölkələrində xalça muzeylərində olmuşam.  Bu tip xalçalara rast gəlsəm də, belə həcmdə ilk dəfədir, görürəm. Burada çeşid çoxdur və hər biri insanın ruhunu oxşayır. Sizin xalçaların üzərində olan heyvan rəsmləri xüsusilə seçilir".  

    

"Muzeyi gəzdik, burada olan xalçaların bir çoxunu ilk dəfə idi görürdük. Uşaqlar üçün ayrıca təşkil edilən dərnəklər bizi məmnun etdi ".

 

"Burada keçmişlə müasirlik birləşir. Möhtəşəm əsərlər var. Və düşünürəm ki, bura gələn hər bir insan tarixi yaddaşını yenidən təzələyə bilər".

 

Muzeyin ən dəyərli eksponatlarından biri də 2013-cü ildə Amerikalı kolleksiyaçı Şilts tərəfindən muzeyə hədiyyə olunan iki qədim xalçadır. Bunlar 17-ci əsrə aid olan "Əjdahalı Qarabağ xalçası" və 19-cu əsrə aid "Salyan şilə"sidir.

 

Muzey kompleksinin 4-cü mərtəbəsində ziyarətçilər 1992-ci ilin mart ayında Şuşanın işğalı ərəfəsində oradan çıxarılan dəyərli eksponatlarla tanış olmaq imkanı əldə edəcəklər. Burada Qarabağ xalçaları, milli geyimlər, qızıl zinət əşyaları, tuncdan və gümüşdən hazırlanmış kəmərlər boyunbağılar nümayiş olur.

 

Muzeylə tanışlıq zamanı burda milli geyimlərdən ibarət kolleksiyaya da rast gəlmək mümkündür. Bu geyimlərin hər birinin üzərində Azərbaycanın milli geyim atributları əksini tapıb. Bunlardan da birincisi baş örpəkləridir. Geyimlərin üzərində olan qızıl-zinət əşyalarına baxmaqla həmin geyim sahiblərinin saray, xanədan mənsubları olduğunu bilmək mümkündür.      

 

Qeyd edək ki, Xalça Muzeyinin binası da adına uyğun görünüşdə tikilib. Bükülmüş xalçanı xatırladan binanın təməli 2008-ci ilin mayında Dənizkənarı Milli Parkda qoyulub. Bina Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, YUNESKO-nun birgə layihəsi əsasında inşa edilib. Muzeyin dördmərtəbəli yeni binasının ümumi sahəsi 18 min 446 kvadratmetrdir.

 

Müəllif | Apa.Tv