İŞİD Kobanini ələ keçirdi, Türkiyə sərhədə tank birləşmələri cəmləşdirir
İŞİD terrorçuları Suriya-Türkiyə sərhədində yerləşən Kobani yaşayış məntəqəsini ələ keçirib. APA TV-nin məlumatına görə, Suriyada PKK və YPG-nin nəzarətindəki qəsəbə 20 gün davamlı hücumdan sonra İŞİD-in nəzarətinə keçib.
Kobanidə Qurban bayramının ilk günündən küçə döyüşləri gedir. İŞİD bu gün şəhərdə öz bayrağını qaldırıb. Artıq Kobanidə atılan mərmilər Türkiyə ərazisinə düşməyə başlayıb və ilkin məlumatlara görə, dörd nəfər yaralanıb.
Türkiyə hökuməti İŞİD təhlükəsinə qarşı təhlükəsizlik tədbirlərini gücləndirib. Kobani ilə sərhəddəki üç məhəllə və suriyalı qaçqınların yaşadığı çadır şəhərciyi Şanlıurfa valiliyinin qərarı ilə boşaldılıb. Türkiyə Quru Qoşunlarının komandanı, ordu generalı Hulusi Akar müdafiə tədbirlərinə rəhbərlik etmək üçün Şanlıurfaya gedib. Sərhəddəki strateji yüksəkliklərə çoxlu sayda tank çıxarılıb və onların lülələri Suriya sərhədinə doğru yönəldilib.