Binəqədidə dəhşətli qəza: 6 maşın toqquşdu, 2 nəfər ağır yaralandı

Bakının Binəqədi rayonunda 6 maşının toqquşması və 2 nəfərin ağır yaralanması ilə nəticələnən zəncirvari yol qəzası baş verib. APA TV-nin məlumatına görə, “Mersedes” markalı avtomobilin sürücüsü Mir Cəlal Paşayev küçəsi ilə Avtovağzal istiqamətində yüksək sürətlə hərəkətdə olarkən qəfil idarəetməni itirib. Sürücü avtomobili əvvəlcə qarşısında hərəkətdə olan “Daewoo ”ya çırpıb. Hər iki avtomobil yoldakı arakəsməni aşaraq yolun əks istiqamətinə düşüb. Qəzaya səbəb olan "Mercedes" daha sonra yol kənarında dayanan 3 başqa maşına çırpılıb. Zərbə güclü olduğundan "Mitsubishi"yə dəyən "Daewoo"un sürücüsü ön şüşədən çıxaraq təqribən 10 metr kənara düşüb. "Mitsubishi"nin sürücüsü isə, ağır vəziyyətdə ətrafdakıların köməyi ilə maşından çıxarılıb. Hər iki yaralı 1 saylı şəhər kliniki xəstəxanasına aparılıb. Qəzanın baş verdiyi əraziyə Binəqədi Rayon Polis idarəsinin əməkdaşları gəliblər. Qəzanı törədən sürücü polis idarəsinə, yararsız vəziyyətə düşmüş avtomobillər isə cərimə meydançasına aparılıb. İlkin araşdırmalar nəticəsində məlum olub ki, qəzanın baş verməsinə yüksək sürət səbəb olub.
 

Müəllif | Apa.Tv