Sabirabadda heyvanlar arasında “Nodulyar dermatit” xəstəliyi aşkarlanıb
Sabirabad rayonunun Qasımbəyli, Əsgərbəyli, Axtaçı, Muradbəyli və bəzi digər kəndlərində iri buynuzlu ev heyvanları arasında “Nodulyar dermatit” virusu xəstəliyinə yoluxma halları müşahidə edilir. APA TV-nin məlumatına görə, Sabirabad rayon Baytarlıq İdarəsindən bildirilib ki, virus mənşəli xəstəlik Sabirabad rayonunda son bir ay ərzində müşahidə olunur. Sakinlər bir neçə təsərrüfatda heyvanlar arasında tələfat olduğunu deyir. Sabirabad rayon Baytarlıq İdarəsinin rəisi Fikrət Nəsirovun bildirdiyinə görə, rayon ərazisində və xəstəliyə yoluxma halları qeydə alınan təsərrüfatlarda dezinfeksiya işləri aparılır. Heyvanlar Dövlət Baytarlıq Xidməti tərəfindən verilən dərman preparatları vasitəsi ilə müalicə olunur.