Cəlilabadda kənd məzarlığının çəpərləri oğurlanıb


Cəlilabad rayonda qeyri-adi oğurluq hadisəsi baş verib. APA TV-nin Cənub bürosunun məlumatına görə, rayonun Pərdi kənd qəbiristanlığında təxminən 60 metrlik ərazidən məftildən hörülmüş çəpərlər naməlum şəxslər tərəfindən sökülərək aparılıb. Məzarlıq kənddən 2 kilometr kənarda hündür təpə üzərində yerləşdiyindən yerli sakinlər hadisədən yalnız bir neçə gün sonra xəbər tutublar. İndi qəbiristanlıq mal-qaranın örüş yerinə çevrilib.

“Mal-heyvandır. Görürsünüz, ana-bacılarımız, qocalarımız, cavanlarımız buradadır. Heyvanlar girib qəbirləri tapdayır. Belə şey olmaz”.

Hadisə barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə və rayon polis şöbəsinə məlumat verilib. Mövcud vəziyyət kənd sakinlərini narahat etməyə başlayıb. İndi onlar doğmalarının baş daşlarının da oğurlanacağından qorxurlar.

“Türkelli kəndindən qəbir daşları oğurlandı, biz də o vəziyyətə düşəcəyik. Baş daşlarımız oğurlanacaq. Hamısı mərmərdir”.

Cəlilabad rayon Polis Şöbəsindən APA TV-yə bildirilib ki, Pərdi kənd qəbiristanlığında baş verən hadisə ilə bağlı araşdırmalara başlanıb. Hazırda oğurluq törədən şəxs və ya şəxslərin tapılaraq istintaqa cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.
 

Müəllif | Apa.Tv