Müasir gənclərin yeni sevimlisi: GİTARA

Onları bir məkan, bir musiqi birləşdirir. Gitara-aktiv, həyəcanlı, qəribə sirləri, aşırı hissləri olan birini xatırladır. Qız-oğlan fərq etməz. Hər kəs bu musiqi alətini əlinə aldıqda simlərinə toxunub zümzümə etdiyi musiqini çalmağa çalışır. Kimində uğurla alınsa da, bəzilərində cəhdlər nəticəsiz qalır. Mütəxəssislər deyirlər ki, insanın yaşının, cinsiyyətinin gitara çalmağı öyrənməsi üçün heç bir təsiri yoxdur. Əsas olan istək, arzu və musiqi duyumudur. Vaxtilə daha çox yaşlı nəslin nümayəndələrinin əlində bu musiqi alətinə rast gəlirdiksə, 21 əsrdə gənclərin, hətta azyaşlıların gitaraya həvəsli olduğunu görürük. Çalınan və ifa olunan musiqilər isə daha çox ispan və türk musiqiləridir.

Gərgin işdən sonra gitarada bir neçə melodiya ifa etmək, hətta qulaq asmaq belə insanın ruhunu oxşayıb, sanki ona rahatlıq gətirir. Günün ikinci yarısı olduğundan artıq dərslər başlanıb. Müəllimlər çalır, notları izah edir, şagirdlər isə anlamadıqları musiqi dilini qavramağa çalışırdılar.

Gitara fərdi musiqi aləti olsa da, nədənsə bir toplumu, böyük bir kollektivi ətrafında birləşdirir. Dərslərin nəzəriyyəsi bitdiyindən təcrübəni dörd divar arasında deyil açıq məkanda davam etdirmək istəyi ilə yol aldıq daha çox gənclərin toplaşdığı "Malakan bağı" kimi tanınan parka. Gənclərin bir araya gəlməsi və sayımızın kifayət qədər olması söhbətimizin maraqlı keçəcəyindən xəbər verirdi. İlk sualımız da "21 əsr gənci"nin musiqi maraqlarının əhatə dairəsi oldu.

Gitara müəllimi Tural Rüstəmov deyir ki, 21 əsrin gəncləri gitarada daha çox ispan və türk mahnılarına üstünlük verirlər: “Bəzi Azərbaycan musiqiləri də var ki, gitarada ifa etmək gənclər üçün maraqlıdır. Bizdə orta və az yaşlı xanım və kişi tələbələr çox olub. Hətta xanım tələbələrim kişilərdən daha çox qabiliyyətlidir. 4-5 aylıq kurs şəraitində hər kəs tam olaraq gitaranı həvəskar şəkildə öyrənə bilərlər".

Bir vaxtlar o da gitara kursuna gələndə və ilk dəfə gitaranı əlinə alanda beynindən keçən ilk sualı "bacaracaqmı?" olub. İllər keçib, bu gün atıq o tələbə deyil. Özü yaşda tələbələr qarşısında dayanan bir müəllimdir. Hamının sevimlisi Emma müəllimə.

"Gitara mənə doğma bir alət kimidir. Yeni öyrənən vaxtlarda onunla yatıb, onunla durmaq istəyir insan. Gözünü açdıqda tez onunla ifa etməyə can atır insan. Heyf ki, biz qızlarda bir qədər problem yaranır. Hələ də cəmiyyətimizdə gitara oğlan alətidir deyə düşünən insanlar var. Qızlar diqqətlə öyrənir gitaranı. Onlar ifa edərkən bütün diqqətləri musiqi alətinin üzərində olur. Amma oğlanlar əksinə bir qədər dağınıq fikirlə yanaşırlar və ifa edirlər. Əslində gitarada ifa elə sərbəstliyi sevir".

Müxtəlif janrlarda musiqi ifa etməyə çalışan gənclər arasında gələcəkdə bu işlə peşəkar şəkildə məşğul olmaq istəyənlər də var, gitaraya sadəcə əyləncə, istirahət növü kimi baxanlar da. Qrupun ən fəal üzvü olan Tamerlan deyir ki, bəziləri oxuyur, rəqs edir, bununla özünü tapır. Onun üçün isə ən gözəl vasitə musiqidir. Musiqi ilə sevgini də, hörməti də, səmimiyyəti də ifadə etmək olur.

"İnsan başqalarının əhatəsində olanda özünü sıxır, utanır. Amma özün tək olanda bilirsən ki, daha rahatsan. Musiqini daha içdən ifa edirsən. Biləndə ki, qapı arxasından kimsə sənə qulaq asır, o zaman bütün ruhun ölür".

"Bu gitara iki ildir məndədir. Düşünürəm ki, onu heç vaxt heç kimə nə hədiyyə verə bilərəm, nə də başqasını alsalar, bunu dəyişə bilərəm. Mənim üçün çox dəyərlidir".

"Mən evdə, bağlı yerdə deyil, çöldə ifa etməyə daha çox üstünlük verirəm. İnsanların gözü məndə olur. Bu da mənə xoş gəlir. Düzdür, hərdən söz deyib keçirlər, o zaman düşünürəm ki, söz deyən insanlar öz səviyyələrinə görə deyirlər. Ona görə narahat olmuram".

"İlk vaxtlar bir az çətinliklər olsa da, zaman keçdikcə bütün problemlər arxada qalır. Ailəm mənə dəstək durdu. Əsas odur ki, istək həvəs ola insanda. O zaman öyrənmək çox asandır. Mənim yaxın rəfiqəm də mənə baxıb həvəsə düşdü və bizə qoşuldu. Mən çox istəyirəm ki, gənclərin marağı olsun".

Elnur illərdir musiqi ilə məşğul olur. Gitaraçı dostlarından fərqli olaraq, o, skripkanı özünün həmdərdi, həmfikiri hesab edir.

"Skripka mənə enerji verir. Hər şeyimi skripkan ilə paylaşıram. Bəzən olur ki, gecələr saat 3-4 də oyanıb skripka çalıram. Bir də baxıram ki, qonşuların işığı yandı. Ən çox sevdiyim musiqi isə "Uçdun getdin"dir. Hər zaman onu ifa edirəm tək olanda".

Dinləyərkən, kövrəldiyimiz, xoşbəxt olduğumuz, rahatlıq tapdığımız musiqilər var. Musiqi xəstə insana cəsarət verir, körpəni yatırır. İnsan ruhunu musiqi ilə doyurur, çünki, o an dinlədiyi musiqi onun iç dünyasını ifadə edir. Bir sözlə, musiqi ruhun qidasıdır.

"Musiqi insanları birləşdirir və onları bir birinə sevdirir".
" İki qanad nəyə gərək uçmağa, 7 not varkən".
"Gitara ilə həyatınızı mənalandırın"
"Əziz gənclər, sevimli gitaranızla musiqidən həzz alın"

 

Müəllif | Apa.Tv