İŞİD Kobanini ələ keçirdi, İstanbulda ara qarışdı

İŞİD terror təşkilatının Türkiyə-Suriya sərhədində yerləşən Kobani qəsəbəsini ələ keçirməsindən sonra İstanbulda solçu qruplar etiraz aksiyalarına başlayıblar. APA TV-nin məlumatına görə, kürd kökənli HDP partiyasının çağırışından sonra küçələrə çıxan qruplar maşınlara, bankomatlara, avtobuslara, zibil qutularına od vurublar. HDP-nin aksiyalara başlamaq çağırışına CHP-dən də dəstək gəlib. Aksiya iştirakçıları İstanbulda AKP yerli təşkilatlarından birinin ofisini yandırıblar. Qazi məhəlləsində yollarda barrikadalar qurulub, polisin müdaxiləsindən sonra geri çəkilən etirzçılar barrikadaları yandırıblar. Yunus Əmrə məhəlləsində isə bələdiyyə avtobusu yandırılıb, polis aksiyanı dağıtmaq üçün bibər qazından istifadə edib. İstanbulda hər zaman aksiyaların mərkəzinə çevrilən Ok meydanında da polislə toqquşmalar baş verib. Solçu qrupların polisə atdıqları Molotov kokteylindən biri yol kənarında dayanmış maşına dəyib. Alışan maşın TOMA-lar vasitəsilər söndürülüb. Esenyurtda isə polislə aksiya iştirakçıları arasında toqquşmalar səhərədək davam edib. Burada iki bələdiyyə avtobusu yandırılıb, Esenyurt bələdiyyəsinin qarşısındakı mühafizə binasına od vurulub. Aksiya iştirakçıları yaxınlıqdakı benzindoldurma məntəqəsini də yandırıblar. Kadıköy və Taksim meydanında da aksiyalar keçirilib. Bağçılar məhəlləsində polisə atəş açılıb, yaralı polis xəstəxanaya çatdırılıb.
 
Şırnak, Diyarbəkir və Batmanda da İŞİD-in Kobanini ələ keçirməsinə qarşı etiraz aksiyaları keçirilib, iştirakçılar Türkiyə hökumətinin prosesə hərbi müdaxilə etməsini istəyiblər. Qeyd edək ki, Kobani qəsəbəsi uzun illər PKK terror təşkilatının, daha sonra Suriya kürdlərinin siyasi partiyasının hərbi qanadı olan YPG-nin nəzarətində olub.

Müəllif | Apa.Tv
Apa.tv