Xırdalanda 52 yaşlı qadını maşınla vurub qaçan sürücü 5 gün sonra tutuldu

Abşeron polisi piyada qadını maşınla vurub qaçan sürücünü saxlayıb. APA TV-nin məlumatına görə, hadisə oktyabrın 1-i səhər saat 6-da Xırdalan şəhərinin Heydər Əliyev prospektində baş verib. Polisə prospektdə piyadanın vurulması ilə bağlı məlumat daxil olub. Hadisə yerinə gələn polis əməkdaşları müəyyən ediblər ki, ağır qəza nəticəsində ölən piyada 52 yaşlı Ellada Əliyevadır. Avtomobilin sürücüsü isə hadisə yerindən qaçıb. Sürücü Zaur İbrahimov hadisədən 5 gün sonra Şamaxıda tutulub. Saxlanılan

Zaur İbrahimovbunları deyib: "Metronun "20 Yanvar" stansiyasından Xırdalana gəlirdim. İşıqforda qarşıma qadın çıxdı. Maşını sola çəkdim, qarşı tərəfdən maşın gəlirdi. Sağa qayıtdım, maşın qadına dəydi. Maşını düzəldib, evə apardım. Anam xəstə olduğuna görə evdə heç nə demədim".

 

Müstəntiq Elnur Məmmədov isə deyib ki, sürücü Xırdalan şəhərinin Heydər Əliyev prospekti ilə hərəkətdə olarkən yolu keçən piyadanı vurub: "Sonra hadisə yerindən qaçaraq, maşını Xırdalan şəhərində müvəqqəti yaşadığı 22-ci məhəllədə gizlədib. Özü isə piyada hadisə yerinə gələrək, vurulan piyadanın öldüyünü müəyyən edib. Sonra isə öz avtomobili ilə Şamaxı rayonuna gedib".

 

Zaur İbrahimov ifadəsində bildirib ki, maşınla vurduğu qadına qorxduğu üçün kömək etməyib. Polis onu da müəyyən edib ki, Zaur hadisə yerindən qaçmaqla yanaşı, qəzanın izini itirmək üçüb başqa üsullara da əl atıb.

 

Zaur İbrahimov hadisəni törədərkən sərxoş olmadığını deyib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv