Türkiyədə İŞİD iğtişaşı: 15 ölü

"İraq Şam İslam Dövləti" terror təşkilatının Suriyanın Kobani şəhərini ələ keçirməsi qonşu Türkiyədə iğtişaşlarla müşayiət olunub. Kobaniyə hücumları bəhanə edən qrupların Türkiyənin bir çox şəhərlərində keçirdikləri aksiyalar 15 nəfərin ölümünə səbəb olub. APA TV-nin məlumatına görə, Diyarbakırdakı hadisələr zaman 10, Siirtdə 2, Van, Muş və Batmanda isə 1 nəfər iğtişaşların qurbanı olub.

 

Diyarbakır, Mardin, Van və Siirt vilayətlərinin bəzi qəsəbələrində, Batman vilayətinin isə mərkəzində insanların küçəyə çıxması qadağan edilib. Diyarbakırda ibtidai və orta məktəblər bağlanıb.

 

İstanbuldakı iğtişaşlar zamanı 72 nəfər saxlanılıb.

 

Diyarbakırda yolda barrikada quran bir qrup şəxs icazəsiz aksiya keçirməyə cəhd edib. Poliosin xəbərdarlığına məhəl qoymayan aksiya iştirakçıları asayiş keşikçilərinə daş, fişəng və Molotov kokteyli atıblar. Polis isə buna su şırnaqları bə gözyaşardıcı qazla cavab verib. Aksiya iştirakçıları yolun kənarında dayanan iki maşına od vurublar.

 

Türkiyənin müxtəlif şəhərlərindəki xəstəxanalarda çoxlu sayda yaralı var. Onlardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.

 

Müəllif | Apa.Tv