Türkiyə prezidenti: "Bizim üçün İŞİD-lə PKK eynidir"

Suriyanın Türkiyə ilə sərhədindəki Kobani şəhərinin şərq hissəsini ələ keçirən "İraq Şam İslam Dövləti" terror təşkilatı şəhərin üç rayonuna nəzarəti ələ alıb. Bu bölgələrdə bayrağını qaldıran İŞİD Kobaninin cənub-şərqindən də irəliləməyə başlayıb.

 

APA TV-nin xəbərinə görə, ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyaya məxsus təyyarələr Kobaninin İŞİD-in nəzarətində olan hissəsini bombalayıb.

 

Kobanidən əksəriyyəti qadın və uşaqlardan ibarət 2000 nəfərin təxliyə edilməsindən sonra yerli kürdlərin sözçülərindən Mustafa Bali bütün mülki əhalini şəhəri tərk etməyə çağırıb. Çünki Kobani hər an İŞİD-in tam nəzarətinə keçə bilər.

 

Suriya Kürdüstan Demokrat Partiyasının büro üzvü Nuri Brimo İŞİD-in Kobaninin yarısını ələ keçirdiyini bəyan edib. O, İŞİD-in şəhərə ağır texnikalarla hücum etdiyini, Bəşər Əsəd hakimiyyətinin də terrorçulara dəstək verdiyini iddia edib. Kürdüstan Demokrat Partiyasının nümayəndəsi bildirib ki, Kobanidən sonra İŞİD-in növbəti hədəfləri Cizrə və Qamışlı olacaq.

 

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Kobanidəki hadisələrə münasibət bildirərkən Qərb ölkələrinə müraciət edib: "Yalnız havadan bombalamaqla terrora son qoya bilməzsiniz. Quru hərəkatı aparanlarla əməkdaşlıq edilməsə, yalnız hava hərəkatı ilə bu iş bitməz".

 

Ərdoğan bildirib ki, Türkiyədəki bəzi qüvvələr Kobaniyə hücumlardan ölkə daxilində şantaj vasitəsi kimi istifadə etməyə çalışır. Türkiyə İŞİD terror təşkilatına qarşı olduğu qədər, PKK terror təşkilatına da qarşıdır. 

Müəllif | Apa.Tv
Apa.tv