Təmas xəttində monitorinq keçiriləcək
Cəbhə xəttində atəşkəs rejimi yenidən pozulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistanın Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutub. Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub.
Oktyabrın 9-da ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, Füzuli rayonu Aşağı Veysəlli kəndinin yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır. Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, onun səhra köməkçiləri Yevgeni Şarov və Peter Svedberq, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Jiri Aberle keçirəcəklər.