Türkiyədə nümayişçilər azərbaycanlıların obyektlərinə hücum ediblər

Azərbaycanlıların kompakt yaşadığı Türkiyənin İğdır vilayətində baş verən iğtişaşlar zamanı azərbaycanlı sahibkarlar xəsarət alıb. APA TV-nin məlumatına görə, Ordu prospektində İŞİD-in Kobaniyə hücumuna etiraz edən 500 nəfərlik qrupun toplanmasına polis icazə verməyib. Baş verən qarşıdurma zamanı iğtişaşçıların atdığı daşlar ətrafdakı mağaza və digər ticarət obyektlərinə ziyan verib. Azərbaycan əsilli iş adamları nümayişçilərə etiraz ediblər. Nəticədə aksiya iştirakçıları ilə iş adamları arasında qarşıdurma yaranıb. "Dördyol qovşağı" adlanan ərazidə baş verən qarşıdurma zamanı 15 nəfər yaralanıb. Polis və jandarma iki qrup arasında barrikadalar qurub.

Axşam saatlarına qədər qrupların dağılmadığını görən Əhlibeyt Alimlər Dərnəyi başqamı Vəli Bədir azərbaycanlılara səslənib. "Təhriklərə qapılmayın, bu vətən, bu bayraq bizimdir",- deyə o bildirib. Bir müddət sonra asayiş bərpa olunub.

 

Müəllif | Apa.Tv