Bu gün Ay tam tutulacaq
Oktyabrın 8-də növbəti tam Ay tutulması baş verəcək. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından APA TV-yə verilən məlumata görə, tutulmanı Sakit Okean ərazisindəki məntəqələrdən bütünlüklə müşahidə etmək mümkün olacaq. Qərbi Avropa, Yaxın Şərq və Afrika ölkələri istisna olmaqla, digər dünya ölkələrinin sakinləri tutulmanı tam və ya qismən görə biləcəklər. Azərbaycan ərazisindən bu hadisə görünməyəcək. Ümumiyyətlə, 2014-cü ildəki 4 tutulmanın 2-si Günəş , 2-si isə Ay tutulmasıdır. 8 oktyabrdakı Ay tutulması 2014-cü ilin ikinci tam Ay tutulması olmaqla yanaşı, 2014-2015-ci illərdə baş verəcək 4 ardıcıl tam Ay tutulması seriyasından da ikincisidir. Bu cür tam ardıcıl tutulmalar seriyası “tetrad” adlanır. Ardıcıl olaraq növbəti tam Ay tutulmaları 2015-ci ilin 4 aprel və 28 sentyabr tarixlərində baş verəcək. 1-ci isə 2014-cü ilin 15 aprel tarixində müşahidə olunub. Ay tutulması Yer ərazisinin təqribən yarısından müşahidə oluna bilər. Tutulan Ayın görünüşü müxtəlif müşahidə nöqtələrində təqribən eynidir. Ay tutulmasının ən maksimal tutulma fazasının müddəti 108 dəqiqə təşkil edir. 8 oktyabr tutulmasında bu, 58 dəqiqə təşkil edəcək. 8 oktyabr Ay tutulması Bakı vaxtı ilə 13:17-də başlayacaq, 15:27-də tam tutulma fazasına girəcək, 15:55-də tam Ay tutulması baş verəcək, 16:22-də tam tutulma, 18:32-də isə yarımkölgə tutulması bitəcək. 8 oktyabr tutulmasını görə bilmək şansımız olmasa da, 8-9 oktyabrda maksimumuna çatan Drakonid meteor yağışını müşahidə etmək olar.