Ebola təhlükəsi: Qəbirqazanlar tətilə başladı!
Afrika ölkəsi Syerra-Leonedə qəbirqazanlar tətilə başlayıb. Onlar bir müddətdir, tüğyan edən Ebola virusundan dünyasını dəyişənlərin dəfni ilə məşğul olan şəxslərdir. APA TV-nin məlumatına görə, tətil edənlər maaşlarının gecikdirilməsinə görə bu addımı atdıqlarını deyirlər. Etirazçılar bildirir ki, əlaqədar qurumlar onların bu riskli işinə görə hətta əlavə pul da verməlidir, çünki Ebola virusa yoluxan insanların öldükdən sonra da bədənində qalır. Ölkədə isə bundan xəbəri olan azdır və bioloji müdafiə olunmaq üçün tibbi ləvazimat bahadır. Qəbiristanlıq işçiləri hər gün azı 20-30 virusdan ölən insan dəfn edirlər. Onlardan bəziləri bu işi müvəqqəti dolanışıq üçün icra etdiklərini deyir və buna görə də haqlarını tələb edirlər. Aidiyyəti təşkilatlar işçilərin gecikmiş pullarını ədalətlə verəcəklərini bəyan edib. Amma riskə görə artım məsələsi barədə hələlik açıqlama yoxdur. Bununla yanaşı, hakimiyyət vəziyyətin çox təhlükəli olduğunu, əsasən, dəfn qruplarının və həkimlərin müqəddəratından narahatlığını gizlətmir. Bu ilin may ayından ölkənin səhiyyə işçiləri arasında xəstələrdən yoluxma səbəbindən 60 ölüm faktı qeydə alınıb. Bu rəqəmin indiyədək artdığı qeyd olunur. Rəsmi rəqəmlərə görə, Syerra-Leonedə Eboladan 121 nəfər, ümumiyyətlə, Qərbi Afrikada isə 3 min 500 insan ölüb.