Bakıda Azərbaycan - Mərkəzi Asiya əlaqələri mövzusunda konfrans keçirilib
"Ermənistanın işğalçı siyasəti erməni xalqını beynəlxalq layihələrdən kənarda qoyur. Bu siyasətin davam etdirlməsi region üçün təhlükə mənbəyi olaraq qalır. Hesab edirəm ki, dünyada ikili standartlar aradan qalxmayınca, radikal meyllərin qarşısını almaq mümkün olmayacaq".
APA TV-nin xəbərinə görə, bunu Prezidenti Administrasiyasının sektor müdiri Ərastün Həbibbəyli "Azərbaycan - Mərkəzi Asiya əlaqələri: inkişaf, əməkdaşlıq və ortaq çağırışlar" mövzusunda keçirilən beynəlxalq konfransdakı çıxışında deyib: "Bu gün Mərkəzi Asiya ölkələri və Azərbaycan qlobal antiterror əməliyatlarına qoşulan iki mühüm regiondur. 2015-ci ildə Sülhməramlı Qoşunların çıxarılmasından sonra da bu regionlar önəmini qoruyub saxlayacaq".
Ərəstün Həbibbəyli qeyd edib ki, Xəzərin şərq və qərb sahilləri tarixən bir-biri ilə sıx bağlı olub. Mərkəzi Asiya Azərbaycan üçün Şərqə, Azərbaycan isə Mərkəzi Asiya üçün Qərbə açılan qapıdır. Xəzərin Qərb və Şərq sahili arasında əməkdaşlıq üçün böyük potensial var.
Bu gün Bakıda "Azərbaycan - Mərkəzi Asiya əlaqələri: inkişaf, əməkdaşlıq və ortaq çağırışlar" mövzusunda beynəlxalq konfrans keçirilib.
Konfransda "Mərkəzi Asiya və Qafqaz Avro-Asiya və Avro-Atlantika arasında: geosiyasi dərslər və strateji perspektivlər", "Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığının perspektivləri: tarix, əsas istiqamətlər və prioritetlər", "Yeni geosiyasi şəraitdə Azərbaycan və Mərkəzi Asiya maraqlarının ortaqlığı və Azərbaycan-Tacikistan əlaqələrinin yeni inkişaf mərhələsi", "Avrasiyada ortaq təhlükəsizlik təhdidləri: çağırışlar və perspektivlər" və s. mövzularda mühazirələr dinlənilib.