Zaqatalada maşın ağaca çırpıldı, bir ağır yaralı var
Zaqatalada bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə bu gün saat 04:00 radələrində Zaqatala-Muğanlı yolunda qeydə alınıb. 1962-ci il təvəllüdlü, Zaqatala rayonu Yuxarı Çardaqlar kənd sakini Əlixan İbrahimxəlil oğlu Əhmədov idarə etdiyi “VAZ 2106” markalı, 90 BM 746 dövlət nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və maşını yolun kənarındakı ağaca çırpıb. Baş vermiş qəzadan sonra deformasiyaya uğramış maşında sıxılmış vəziyyətdə qalan sürücünü xilas etmək üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasetmə qüvvələri cəlb olunub. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə Əlixan Əhmədovu avtomobildən çıxararaq həkimlərə təhvil veriblər.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.